Yeraltı yanacaqdan yaşıl enerjiyə doğru

Yeraltı yanacaqdan yaşıl enerjiyə doğru Dünyada neft ehtiyatlarına görə Səudiyyə Ərəbistanı və Rusiya ilə yanaşı lider olan ABŞ cari ilin noyabr ayında neft qıtlığı və bununla da daxili yanacaq bahalığı ilə üzləşib. Belə ki, bu gün ABŞ-da benzin qiymətləri son 7 ilin ən yüksək həddindədir. Hət
Energetika
16 Noyabr , 2021 19:03
Yeraltı yanacaqdan yaşıl enerjiyə doğru

Dünyada neft ehtiyatlarına görə Səudiyyə Ərəbistanı və Rusiya ilə yanaşı lider olan ABŞ cari ilin noyabr ayında neft qıtlığı və bununla da daxili yanacaq bahalığı ilə üzləşib. Belə ki, bu gün ABŞ-da benzin qiymətləri son 7 ilin ən yüksək həddindədir. Hətta Bayden administrasiyası Strateji Neft Ehtiyatının (SPR) bir hissəsinə “əl gəzdirmək”, OPEC+ ölkələrini hasilatı artırmaları üçün dilə tutmağı lazım bilib.

Cəmi bir-iki il bundan əvvəl gündəlik 12 milyon barel hasilat həcminə çıxaraq daxili bazarda ən ucuz neft olduğu ölkələrin yuxarı beşində qərarlaşan ABŞ necə oldu ki, bugünkü vəziyyətə düşüb?

Vaşinqtondakı “Cato İnstitute” (CATO İnstitutu) düşüncə mərkəzinin araşdırmalarına görə, ölkədəki gündəlik neft hasilatı 2019-cu ildən bu yana orta hesabla 10,6-12 faiz azalıb. Fevral ayının şaxtaları, sentyabr ayında Meksika körfəzini ağuşuna almış İda qasırğası, həmçinin Bayden administrasiyasının “Build Back Better” yaşıl proqramı çərçivəsində iri neft şirkətlərinə qarşı məhdudiyyətləri bu il neft sənayesinə mənfi təsir edən amillərdir.

Bütövlükdə isə dünya boyu hasilat həcmi cari ildə 6,5 faiz azalıb. O cümlədən Səudiyyə Ərəbistanında gündəlik hasilat oktyabr ayında 9,76 milyon barel, yəni rekord həddən 8 faiz azdır. Rusiyada isə gündəlik hasilat 2019-cu ildəki 11,36 milyon barellik rekorda qarşı bu il 10,34-10,44 milyon barel həddində gözlənilir.

Avropada baş verən qaz qıtlığı nəticəsində təbii qaz 1500 USD/1000 kubmetrlik rekord səviyyəyə qalxıb. Bu günlərdə COP26 iqlim konfransında Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen də yaşıl enerjiyə keçid dövrü üçün təbii qazın mühüm yanacaq növü olduğunu etiraf edib.

Dünyanın qabaqcıl ölkələrində enerjilə bağlı yaranmış vəziyyətə dair Atlantik Şurasının (Atlantic Council) böyük elmi işçisi, Demokratiyaların Müdafiəsi Fondunun (FDD) baş enerji müşaviri Brenda Şaffer “Foreign Policy” saytına bildirib:

“Dünyanın ən böyük neft və təbii qaz istehsalçısı olan ABŞ hazırkı enerji böhranı vaxtı Qərbi xilas etmək üçün niyə Rusiya və OPEC-ə üz tutmalıdır? Niyə Ağ Evin “Milli Təhlükəsizliyə dair Aralıq Strateji Bələdçi” adlı sənədində dünya enerji istehlakının 80 faizindən artığını qarşılayan yeraltı yanacaqlara niyə ötəri diqqət yetirilir? Dünyada hər bir ölkənin asılı olduğu yanacağı qulaqardına vuran milli təhlükəsizlik strategiyası dayanıqlı strategiya deyil”.

Onun fikrincə, səmərəli enerji siyasəti üçün enerji mənbələrinin şaxələndirilməsi, evlərin və müəssisələrin fasiləsiz enerji təminatına dair bütün incəlikləri nəzərə almaq zəruridir. Ekspert yeraltı yanacaqla bərpa olunan enerji mənbələri arasında sərt fərq qoyulmasına qarşı çıxıb.

ABŞ və Avropa İttifaqını cənginə alan hazırkı enerji böhranı çoxdandır xammal mənbəyi olaraq qəbul edilən ölkələrin əhəmiyyətini də bir daha ön plana çıxardıb. Belə ki, Rusiya Prezidenti Vladimir Putin ötən ay “Valday Klubu” düşüncə mərkəzindəki nitqində qarşıdakı 40-50 il ərzində karbohidrogenlərdən tam imtina olunmasının gerçəkliklə bir araya sığmadığını dilə gətirib: “Biz özümüz də, beynəlxalq miqyasda da ekoloji sağlamlıq, sənaye tullantılarını azaltmaq uğrunda fəaliyyət göstərəcəyik. Amma karbohidrogensiz də ötüşmək mümkün deyil”. Bu fikirlərə OPEC ölkələri, MDB üzvü olan neft-qaz istehsal edən ölkələr, habelə dünyanın ən böyük iqtisadi güc olan Çin ilə Hindistan da şərik çıxır.

Son xəbərlər

Orphus sistemi