Bolqarıstanın Baş naziri Boyko Borissov Bolqarıstan-Yunanıstan İnterkonnektorunun (IGB) inşasında irəliləyiş olacağını gözlədiklərini deyib.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
"Bu həm Bolqarıstan, həm də bütün bölgə üçün bir geostrateji layihədir", - Baş nazir bildirib.
Pandemiya səbəbindən bir az yavaşlatdığını etiraf edən B.Borissov: “Ancaq yunan tərəfdaşlarımızla razılaşdırıldığı kimi, boru kəməri bu il kommersiya istismarına verilməlidir”.
Energetika naziri Temenujka Petkova bildirib ki, boru istehsalı və çatdırılması müqaviləsi icra edilib: “İndiyə qədər hər iki ölkəyə 187 km boru təhvil verilib. Bolqarıstan üzrə boru kəməri marşrutunun 170 km-dən çox hissəsində torpağın üst qatı soyulub, çatdırılan boruların 128 km-dən çoxu artıq yerindədir və 101 kilometr dən çox hissəsi qaynaq edilib. Xəndək qazma, boruların çəkilməsi və doldurma işləri davam edir”.
Qeyd edək ki, ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 151 kilometri Bolqarıstan ərazisindən, 31 kilometri isə Yunanıstandan keçəcək. Kəmərin illik ötürücülük gücü 3 milyard kubmetr həcmində nəzərdə tutulur, ancaq tələb olduğu halda illik həcm 5 milyard kubmetrə qədər artırıla bilər. Boru xətti Komotinidən (Şimal-Şərqi Yunanıstan) Kürdcali, Haskovo və Dimitrovqraddan Stara Zagoraya (Cənub-Şərqi Bolqarıstan) keçir.
Xatırladaq ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.