ABŞ-da yaşayan 10 yaşlı azərbaycanlı Ömər Niyazov Vircinya ştatında keçirilən sərbəst və yunan-Roma güləşi üzrə “Virginia State Champion in Freestyle and Greco Wrestling” turnirinin qalibi olub. Üç mərhələdən ibarət yarışda Ö.Niyazov 38 kq çəkidə Vircinya ştatı üzrə birincilik əldə edərək ABŞ çempionatına vəsiqə qazanıb.
Anası Leyla Niyazova “Report”un yerli bürosuna açıqlamasında bildirib ki, Ömərin nüfuzlu yarışdakı böyük uğuru ailəsini və ABŞ–da yaşayan həmvətənlərimizi qürurlandırıb: “7 ildir Vircinya ştatının Fearfax şəhərində yaşayırıq. Mən ABŞ-da şirkətlərdən birində mühasib, həyat yoldaşım isə İnformasiya Texnologiyaları (İT) sahəsində işləyir. İki övladımız var. Kiçik yaşlarından idmanın müxtəlif növlərinə böyük maraq göstərən Ömər 6 yaşından üzgüçülüklə məşğul olur və bu il yığma komandaya alındığı üçün artıq yarışlara da qatıla biləcək. O, eyni zamanda atası ilə bərabər cüdo ilə məşğuldur. Ömər həm də şahmat oynayır və məktəblərarası bir çox yarışlarda böyük uğurlar qazanıb. Güləşlə bir ildir məşğuldur və qısa zamanda ştat birinciliyi ilə əldə etdiyi böyük uğur bizi çox sevindirdi”.
L.Niyazova deyir ki, oğlu üç yaşından ABŞ-da yaşasa da, Azərbaycan dilində mükəmməl danışır və dəqiq elmlərə böyük marağı var:
“Ömər xüsusi istedadlı uşaqların təhsil aldığı məktəbdə 4-cü sinifdə oxuyur. Riyaziyyat fənninə marağı böyükdür. Ən böyük arzusu Azərbaycan bayrağı ilə beynəlxalq yarışlarda qatılaraq ölkəmizi layiqincə təmsil etməkdədir”.
Vüsalə Abbasova