Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) hazırladığı beynəlxalq layihənin icrasına başlanılıb.
AMADA-nın mətbuat katibi Vamiq Nəsirovun "Report"a verdiyi məlumata görə, məqsəd dünyada antidopinq icraatı zamanı idmançı hüquqlarının qorunma təminatı dərəcəsinin araşdırılmasıdır.
Həm ölkə daxilində, həm də digər ölkələrdə Azərbaycanın idmançılarının antidopinq sahəsində hüquqlarının qorunması və onların ədalətli dinləmə imkanlarının təmin edilməsi AMADA üçün hər zaman prioritet məsələdir. Xüsusən, antidopinq icraatı zamanı idmançıların hüquqlarının təmin edilməsi və ədalətli qərarın çıxarılması onların gələcək karyerası baxımından vacibdir. Bu layihənin nəticəsi də bütün dünyada idmançıların ədalətli dinləmələrə çıxışının, qərarların qərəzsiz və müstəqil qaydada qəbul edilməsinin hansı dərəcədə olmasını müəyyən edəcək.
Layihəni AMADA-nın direktoru, Avropa Şurasının “İnsan Hüquqları” üzrə Ekspertlər Qrupunun sədr müavini Şəfəq Hüseynli Antidopinq Konvensiyası Monitorinq Qrupunun 2020-ci il 17-18 dekabrda keçirilmiş 52-ci iclasında təqdim edib və bütün iştirakçı dövlətlər bu təşəbbüsü müsbət qarşılayıb. Avropa Şurası layihəni dəstəkləyib, Şuranın əsas dəyərlərindən olan insan hüquqlarının qorunması istiqamətində bu layihənin gələcəkdə atılacaq addımlara mühüm töhfə olmasını vurğulayıb və bütün ölkələri layihədə iştirak etməyə çağırıb.
Antidopinq sahəsində idmançıların hüquqlarının təmin edilməsi üzrə ilk beynəlxalq irimiqyaslı araşdırma olan bu layihəyə AMADA beynəlxalq ekspertlər də cəlb edib. Layihə Avropa, Asiya, Amerika, Afrika qitələrindən və Okeaniyadan olan 60-dan çox Milli Antidopinq Təşkilatlarını əhatə edir. Bu araşdırma idmançı hüquqlarının təmin edilməsinin keyfiyyət və kəmiyyət baxımdan qiymətləndirilməsinə, mövcud təcrübələrin öyrənilməsinə və icraat zamanı mövcud olan boşluqları və uyğunsuzluqları müəyyənləşdirməyə imkan verəcək. Əldə olunan məlumatlar ətraflı təhlil edilərək yekun hesabat hazırlanacaq və Avropa Şurası Monitorinq Qrupunun iclasında təqdim ediləcək.
Qeyd edək ki, 2019-cu ildən AMADA-da pro bono (ödənişsiz) əsasında hüquqi yardım proqramı təsdiq edilib. Proqram çərçivəsində antidopinq qayda pozuntusunu törətməkdə təqsirləndirilən idmançılar intizam və apellyasiya icraatlarında hüquq şirkətlərinin nümayəndələri tərəfindən müdafiə və təmsil olunurlar. Bu müsbət təcrübə digər ölkələrin milli antidopinq təşkilatlarına da tövsiyə olunub.