AMADA ilə WADA rəhbərləri arasında görüş keçirildi

AMADA ilə WADA rəhbərləri arasında görüş keçirildi Antidopinq Həmrəylik Fondunun fəaliyyət mexanizmi müzakirə edilib
Fərdi
4 Mart , 2021 15:10
AMADA ilə WADA rəhbərləri arasında görüş keçirildi

Ümumdünya Antidopinq Agentliyinin (WADA) prezidenti Vitold Banka, qurumun baş direktoru Olivye Niqli və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli arasında görüş keçirilib.

AMADA-nın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, videokonfrans formatında baş tutmuş görüşdə WADA-nın 2020 - 2024-cü illər üzrə strateji planındakı hədəflərlə bağlı işlər müzakirə edilib, Milli Antidopinq Təşkilatları və digər tərəfdaşlarla əməkdaşlığın vacibliyi vurğulanıb.

Görüşün gündəliyindəki digər məsələ idmançıların antidopinq proseslərinə cəlb edilməsi ilə bağlı olub. Həmçinin WADA-nın fəaliyyətinin effektivliyinin artırılması üçün təhsil, araşdırma və inkişaf istiqamətlərində istifadə etmək üçün əlavə maliyyə mənbələrinin cəlb edilməsi və Antidopinq Həmrəylik Fondunun fəaliyyət mexanizmi müzakirə edilib.

Müzakirələr zamanı WADA-nın idarəetmə prinsiplərinin və mexanizmin təkmilləşdirilməsi barəsində 2018-ci ilin noyabrında Bakıda keçirilən Təsisçilər Şurası və İcraiyyə Komitəsinin qərarı üzrə indiyədək atılmış addımlar da diqqət mərkəzində olub.

Bundan əlavə, ABŞ-ın qəbul etdiyi "Rodçenkov antidopinq aktı"nın xüsusiyyətləri və praktiki tətbiqi ilə bağlı yaranan suallar, habelə İdman Arbitraj Məhkəməsinin (CAS) Rusiya Antidopinq Agentliyi (RUSADA) ilə bağlı qərarı və bunun nəticələri barədə fikir mübadiləsi aparılıb.

Vitold Banka bildirib ki, idmanda bütövlüyün qorunması bütün maraqlı tərəflər arasında səmərəli əməkdaşlıq tələb edir. Buna görə də bu cür görüşlərin keçirilməsi görülmüş və görüləcək işlərin səmərəliliyi baxımından vacibdir. V.Banka qurumun fəaliyyətindəki yeniliklər, o cümlədən 2021-ci il Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqində qarşıya çıxan məsələlər haqqında danışıb.

Görüşdə Ş.Hüseynli ölkədə antidopinq sahəsindəki vəziyyət, bu sahədə baş verən yeniliklər, Yeni Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqi ilə bağlı görülən işlər və AMADA-nın həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.

Son xəbərlər

Orphus sistemi