YUNESKO-nun "İdmanda dopinqə qarşı mübarizə haqqında" beynəlxalq konvensiyasının tələblərinə uyğun olaraq, Milli Uyğunluq Platformasının görüşü keçirilib.
Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) "Report"a verilən məlumata görə, videokonfrans formatında təşkil olunan görüşdə AMADA-nın direktoru Şəfəq Hüseynli, Milli Olimpiya Komitəsinin (MOK) baş katibinin müavini Azər Əliyev, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Nadir Məmmədov və Dövlət Gömrük Komitəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Səttar Fətəliyev iştirak ediblər.
Görüşdə qadağan edilmiş maddələrin dövriyyəsinin məhdudlaşdırılması, qanunsuz dövriyyənin qarşısının alınması və qida əlavələrinin satışının tənzimlənməsi istiqamətində aidiyyəti dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi və operativ koordinasiya edilməsi məsələləri müzakirə edilib.
"İdmanda dopinqə qarşı mübarizə haqqında" Beynəlxalq Konvensiya YUNESKO-nun Baş Konfransının 2005-ci il oktyabrın 19-da Parisdə keçirilmiş 33-cü sessiyasında qəbul edilib. Azərbaycan bu beynəlxalq konvensiyaya 2007-ci ildə qoşulub.