Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Tokio-2020 Yay Olimpiya Oyunlarında dopinq nəzarəti ilə bağlı yeniliklər və dəyişiklərlə bağlı yarışa qatılacaq idmançılar və nümayəndə heyətinə müraciət edib.
AMADA-dan "Report"a verilən məlumata görə, Hüseynli iştirakçılara bütün qaydalara ciddi riayət etməyi tapşırıb.
Onun sözlərinə görə, əks halda idmançılar sanksiya ilə üzləşə bilərlər: "Tokio-2020” Yay Olimpiya Oyunlarında COVID-19 pandemiyası səbəbindən baş verən dəyişikliklər dopinq nəzarəti sahəsini də əhatə edir. Oyunlar zamanı bu proses koronavirusla bağlı qaydalar nəzərə alınaraq həyata keçiriləcək. Oyunlarda dopinq nəzarətini həyata keçirmək üçün AMADA-nın da iki dopinq nəzarəti inspektoru iştirak edəcək.
İdmançılar və onları müşayiət edəcək heyət baş verən yenilikləri və dəyişikləri nəzərə almaqla olimpiya oyunları müddətində bütün qaydalara, o cümlədən də Tokio-2020 Yay Olimpiya Oyunlarının antidopinq qaydalarına və AMADA-nın təlimatlarına tam və ciddi riayət etməlidir. Əks halda, qaydalara əməl olunmaması antidopinq qayda pozuntusu kimi qiymətləndirilə və sanksiya ilə nəticələnə bilər".
AMADA-nın direktoru bildirib ki, Beynəlxalq Olimpiya Komitəsi (IOC) ilk dəfə olimpiada müddətində dopinq nəzarəti ilə bağlı öhdəliklərini Beynəlxalq Test Agentliyinə (ITA) həvalə edib. ITA isə oyunlara hazırlıq müddətini və oyunların keçirildiyi dövrü əhatə edən geniş test planını icra edir. Olimpiya oyunlarına lisenziya qazanmış idmançıların hamısı hazırlıq mərhələsində dopinq testinə cəlb edilir. Bəzi idmançılardan hətta bir neçə dəfə dopinq testi götürülə bilər".
Hüseynli Oyunlar zamnı hər bir idmançının əvvəlcədən xəbərdarlıq edilmədən dopinq testindən keçirilə biləcəyini söyləyib: "Ona görə də idmançıların öz hüquqlarını, öhdəliklərini və antidpoinq qaydalarını bilmələri və ona uyğun davranmaları vacibdir. Əgər idmançı dopinq nəzarəti prosesində hər hansı bir nöqsan, uyğunsuzluq, hətta şübhəli bir məqam müşahidə edərsə yaxşı olar ki, bu barədə Dopinq Nəzarəti Formasının şərh bölməsində ətraflı yazsın. Bu, mümkün araşdırmalar zamanı həmin idmançının hüquqlarının müdafiəsi baxımından vacibdir".
O bildirib ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk dəfə olaraq dopinq nəzarət prosesi kağızsız formada- MODOC sistemi ilə həyata keçiriləcək: "AMADA MODOC sistemini 2018-ci ildən tətbiq etdiyi üçün Azərbaycan idmançıları bu sistemlə tanışdır. Kağızsız dopinq nəzarət sistemi tətbiq edildiyi üçün idmançıların işlək elektron ünvanı olmalıdır. Çünki dopinq nəzarəti ilə bağlı bütün bildiriş və sənədlər həmin ünvana göndəriləcək. İdmançılar elektron ünvanlarını mütəmadi olaraq yoxlamalı və dopinq nəzarəti ilə bağlı gələn məktub və bildirişlərə çevik reaksiya verməlidir".
Hüseynli Tokioya yollanacaq heyətin özləri ilə aparacağı əşyalar, o cümlədən dərman vasitələri və tibbi ləvazimatlara diqqətlə yanaşmalı olduqlarını vurğulayıb: "Aparılan dərman vasitələri və tibbi ləvazimatlar Ümumdünya Antidopinq Agentliyinin ()WADA Qadağan Edilmiş Siyahısı, habelə Yaponiyaya gətirilməsi qadağan olan əşya, maddə və dərmanlarla bağlı siyahı ilə yoxlanılmalıdır. İdmançılar və onları müşayiət edəcək heyət özləri ilə apardıqları dərman və əşyaları əvvəlcədən bəyannamədə göstərməli və qadağan olunmuş siyahıda olanları (Terapevtik İstisnalar üçün İcazəsi (Tİİ) olanlar istisna olmaqla) qəti şəkildə aparmamalıdır. Buna əməl olunmaması hətta həmin şəxslərin ölkəyə buraxılmaması ilə nəticələnə bilər".
AMADA-nın direktoru Oyunlar zamanı IOC-un “İynəyə yox” siyasətinə riayət edilməli olduğunu deyib: "Bu siyasət özündə iynə və inyeksiya üçün istifadə edilən ləvazimatlara ciddi nəzarəti ehtiva edir. Həmçinin idmançılar qidalanmaları zamanı diqqətli olmalıdırlar. Xüsusi ilə də tərkibində ət və ət məhsulları olan yeməkdən istifadə etdikdə həmin qidanın mənbəyinə diqqət yetirilməlidir. Çünki bəzi ət məhsullarının tərkibində qadağan edilmiş Klenbuterol maddəsi ola bilər. Ona görə də idmançılara Olimpiya kəndində və ya qida mənbəyi haqqında məlumat verə bilən yerlərdə qidalanmağa üstünlük vermələri tövsiyə olunur".
Hüseynli qeyd edib ki, sadalanan bütün bu məsələlərlə bağlı AMADA geniş maarifləndirmə proqramı həyata keçirir: "İdmançılar və onları müşayiət edən heyət üçün silsilə təlimlər təşkil edilir. Bu təlimlərdə Tokioda dopinq nəzarətinin həyata keçirilməsi və antidopinq qaydaları ilə bağlı bütün vacib məlumatlar onlara çatdırılır. İyunun 25-də AMADA-nın Milli Olimpiya Komitəsi ilə birlikdə keçirdiyi Tokyo-2020 Yay Olimpiya Oyunlarına həsr olunmuş iclasda da respublika idman federasiyalarının nümayəndələrin bu barədə ətraflı məlumatlandırılıb".
Onun sözlərinə görə, bir müddət əvvəl Tokioya yollanacaq idmançılar üçün “ADEL for Tokyo 2020 Olympics” platforması istifadəyə verilib: "Lisenziya qazanmış idmançılar və onları müşayiət edəcək heyətin bu onlayn kursu keçib sertifikat alması vacibdir. AMADA idmançılara və Tokioya yollanacaq heyətə dəstək məqsədi ilə həmin onlayn kursu Azərbaycan dilinə tərcümə edib. Bundan əlavə idmançıların və onların köməkçi heyətinin kurslardan keçməsi üçün bütün lazımi dəstək göstərir. Artıq olimpiadada iştirak edəcək 44 idmançıdan 42-i sertifikat əldə edib. Onları müşayiət edəcək 45 nəfərlik köməkçi heyətdən 41-i də sertifikat əldə edib. Bundan əlavə, Tokio Yay Olimpiya Oyunlarında iştirak edən 4 nəfər tibb heyətindən 2-i “ADEL for Medical Professionals”, biri “ADEL for Medical Professionals at Major Games”, bir nəfər isə hər iki kursu keçərək sertifikat alıb. Paralimpiya Oyunlarına lisenziya qazanan 34 idmançıdan isə 15-i “ADEL for TOKYO 2020” kursunu keçərək sertifikat əldə edib. Hazırda bu proses davam edir".
Hüseynli bildirib ki, idmançılara dəstək məqsədi ilə Oyunlar müddətində AMADA-nın çağrı mərkəzi də fəaliyyət göstərəcək: "24 saat fəaliyyət göstərəcək bu çağrı mərkəzinə idmançılar antidopinq məsələləri ilə bağlı günün istənilən vaxtı müraciət edib, lazım olan məlumatları ala biləcəklər. AMADA-nın bütün bu layihələri həyata keçirməkdə məqsədi idmançılarımızın vətənimizi layiqincə və ləyaqətlə təmsil etməsinə dəstək olmaq və ölkəmizin idman nüfuzunu qorumaqdır".