Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Avstraliyanın dopinqlə və idman yarışlarında manipulyasiya ilə mübarizəyə cavabdeh qurumu olan "Sport Integrity Australia" (SIA) arasında əməkdaşlıq müqaviləsi imzalayıb.
AMADA-dan "Report"a verilən məlumata görə, saziş 2021 - 2023-cü illəri əhatə edəcək.
Qurumun direktoru Şəfəq Hüseynli və SIA-nın direktoru Devid Şarp arasında imzalanan sənəd iki qurum arasında əsasən 3 istiqamətdə əməkdaşlığı nəzərdə tutur.
Bunlar təhsil, təhqiqat və idmançılar üçün ödənişsiz hüquqi yardım sahələridir. Görüşdə çıxış edən Şəfəq Hüseynli bildirib ki, dopinqlə mübarizə sahəsində səmərəliliyin artırılması üçün milli antidopinq təşkilatları arasında təcrübə və məlumat mübadiləsinin aparılması vacibdir.
Hüseynlinin sözlərinə görə, AMADA və SIA arasında təhqiqat və təhsil sahəsi üzrə müvafiq departamentlərin görüşləri keçirilib və bununla bağlı fikir mübadiləsi aparılıb.
SIA-nın direktoru Devid Şarp da beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, idmançı hüquqlarının qorunması ilə bağlı AMADA-nın həyata keçirdiyi beynəlxalq və yerli layihələr onların böyük marağına səbəb olub.
Dünyada antidopinq icraatı zamanı idmançı hüquqlarının qorunmasının hansı dərəcədə təmin edilməsi ilə bağlı AMADA tərəfindən hazırlanmış layihədə iştirak edən ölkələrdən biri də məhz Avstraliyadır.
D. Şarp idmançılara ödənişsiz hüquqi yardımın göstərilməsi sahəsində AMADA-nın təcrübəsini öyrənməkdə və bunun Avstraliyada da tətbiq edilməsində maraqlı olduqlarını söyləyib.