Avropa çempionatında 4 medal qazanan Azərbaycan boksçuları Bakıya qayıdıb

Avropa çempionatında 4 medal qazanan Azərbaycan boksçuları Bakıya qayıdıb “İdmançılar, o cümlədən boksçular həmişə dövlət qayğısını hiss edib"
Fərdi
25 Mart , 2022 10:42
Avropa çempionatında 4 medal qazanan Azərbaycan boksçuları Bakıya qayıdıb

Xorvatiyanın Poreç şəhərində keçirilmiş 22 yaşadək boksçular arasında Avropa çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan Azərbaycan yığması Bakıya qayıdıb.

Federasiyanın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, boksçuları Heydər Əliyev Beynəlxalq Hava Limanında federasiya əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları və bokssevərlər qarşılayıblar.

Milli komandanın böyük məşqçisi Nəriman Abdullayev Avropa çempionatının Azərbaycan yığması üçün uğurlu alındığını vurğulayıb. O qeyd edib ki, idmana göstərilən dövlət qayğısı boksçuların inamlı çıxışında böyük rol oynayıb: “Avropa çempionatına 39 ölkə qatılmışdı. Yarışda qitənin 22 yaşadək güclü boksçuları mübarizə aparırdı. Yığma 13 çəki dərəcəsindən 7-də təmsil olunurdu. Buna baxmayaraq, komandanın çıxışı bizi sevindirdi. Onlardan 4-ü fəxri kürsüyə yüksəldi. Millinin heyətində Nicat Hüseynov çempion tituluna yiyələndi. Yalnız finalda uduzan Ruslan Qədirov ikinci yeri tutdu. Cəlal Qurbanovla Nəbi İsgəndərov isə bürünc medalla kifayətləndi".

Abdullayev nəticənin onlar üçün qənaətbəxş olduğunu söyləyib: "Gələcəkdə medalların sayının daha çox olacağına inanırıq. Mükafatçıların gənc olduğunu nəzərə alsaq, sabaha böyük ümidlə baxa bilərik. Ötən il İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində keçirilən analoji yarışda da 7 boksçu ilə təmsil olunmuşduq. Onlardan yalnız biri – Ruslan Rüstəmov (64 kq) bürünc medala yiyələnmişdisə, bu dəfə komanda 4 medalla Avropa çempionatının medal sıralamasında 4-cü yeri tutub".

Mütəxəssisin sözlərinə görə, növbəti hədəf daha inamlı çıxış etmək olacaq: “İdmançılar, o cümlədən boksçular həmişə dövlət qayğısını hiss edib. Bunun qarşılığında əsas hədəf həmişə olduğu kimi ən yüksək nəticəni göstərməkdir. İnanıram ki, Avropa çempionatındakı uğurlu çıxışı növbəti yarışlarda da davam etdirəcəyik”.

Qeyd edək ki, 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan milli Poreçdəki Avropa çempionatında Azərbaycan boks tarixinin 10 illik rekordunu təkrarlayıb. Həmçinin komanda 2012-ci ildə Rusiyada və bu il Xorvatiyada baş tutan qitə birincilikləri istisna olmaqla, heç vaxt finalda 2 idmançı ilə mübarizə aparmayıb.

Son xəbərlər

Orphus sistemi