Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayevin sədrliyi ilə qurumun İdarə Heyətinin ilk iclası keçirilib.
Federasiyanın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə qarşıda duran prioritet məsələlər müzakirə edilib.
Federasiya prezidenti qurumun fəaliyyəti, ölkədə boksun daha da inkişafı üçün Konsepsiyanın hazırlanması ilə bağlı tapşırıqlar verib. Sahil Babayev boks idman növünün Azərbaycandakı coğrafiyasının genişləndirilməsinin vacibliyini önə çəkib. O vurğulayıb ki, kütləviliyi təmin etmək və maddi-texniki bazanın gücləndirilməsi əsas amillərdən biridir. Nazir məşqçilərə, boksçulara, hakimlərə, həmçinin idmançıların sağlamlığına cavabdeh olan tibb işçilərinə xüsusi diqqətin ayrılması ilə bağlı göstərişlər verib.
Sahil Babayev İdarə Heyəti ilə bu il keçiriləcək həm ölkədaxili, həm də beynəlxalq yarışlarla bağlı fikir mübadiləsi aparıb. O qeyd edib ki, ilin sonunadək olacaq turnirlərdə Azərbaycana medallar qazandırmaq qısa müddətli plana daxildir. Orta müddətli hədəfin Paris-2024 Yay Olimpiya Oyunları olduğunu vurğulayan nazir 4 illiyin ən möhtəşəm yarışında da fəxri kürsüyə yüksəlməyin əsas məqsəd olduğunu deyib. Sahil Babayev İdarə Heyətinə uzunmüddətli planı da açıqlayıb. Nazir vurğulayıb ki, hədəf yeni gənc boksçu nəslinin yetişdirilməsi və bu idman növünün hər bir rayonda inkişafına nail olmaqdır. Bunun üçün seçimlər həyata keçirilməli və federasiyada bu məsələlərlə bağlı şöbələr yaradılmalıdır.
ABF-in vitse-prezidenti Vüsal Nəsirli və İdarə Heyətinin üzvləri Fuad Hacıyevlə Rövşən Hüseynov Konsepsiya ilə bağlı öz təkliflərini veriblər.