"Dünya çempionatına komandamız yaxşı hazırlaşmışdı. Hər birimiz özümüzə inanırdıq. Məhz bu inamın nəticəsində komanda hesabında 6-cı yeri tutaraq çox böyük nailiyyətə imza atdıq".
"Report"un məlumatına görə, bunu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal qazanmış Azərbaycan boksçusu Sərxan Əliyev (71 kq) federasiyanın rəsmi saytına açıqlamasında deyib.
O, yarışda yeni çəkidə mübarizə apardığını və özünə güvəndiyini bildirib: "Bunun da nəticəsini gördüm. Böyüklər arasında qatıldığım ilk dünya çempionatında bürünc medala sahib oldum. Mükafatımın əyarı qızıl da ola bilərdi. Kiçik səhvlər nəticəsində belə alındı. Amma bundan sonrakı yarışlarda daha yaxşı olacağına inanıram".
Əliyev yarımfinalda ukraynalı Yuri Zaxariyevə məğlubiyyətinə də toxunub: "Hər şey mən istəyən kimi gedirdi. Düzgün taktika seçmişdim. Amma bir az yoruldum, dözümlük çatmadı. O da məşqlərlə aradan qaldırılası bir şeydir. Yeni çəki mənim üçün uğurlu oldu və bunu da aradan qaldırıb, bir nömrəyə çevriləcəyəm".
O, qardaşı Tayfur Əliyevlə (60 kq) eyni gündə döyüşmələrinin həyəcanlı olduğunu da açıqlayıb: “Qardaşımın döyüşü olanda öz çıxışımdan daha çox həyəcanlanıram. Bu da bir tərəfdən yaxşıdırsa, digər tərəfdən pisdir. Həyəcan çox olur. Tayfur məğlub olduqdan 3-4 döyüş sonra rinqə mən çıxacaqdım. Həmin anda çox fərqli hisslər keçirdim. Özlüyümdə dedim ki, bu əziyyətimizi yerdə qoymayacağam. Heç olmasa, mən nailiyyət qazanım və bunu da bacardım”.
Tayfur və Sərxan Əliyev qardaşlarının məşqçisi Firuz Novruzov yetirmələrinin nailiyyətinə inam ifadə edib. O bildirib ki, sözügedən boksçular böyük uğur vəd edir: “Boksçularımıza təşəkkür edirəm ki, başımızı uca etdilər. Tayfur Əliyevin dünya çempionu olması üçün daha yaxşı şansları vardı. Qardaşı Sərxan da buna yaxın idi. Tayfur 1/8 final döyüşünün ikinci və üçüncü raundunda taktikasını bir az dəyişməli, hücumda işləməli idi. Sərxan isə bir az yoruldu. Yarımfinalın ikinci raundunda Zaxariyev bu səbəbdən onu üstələyə bildi. Amma Sərxanın bürünc medal qazanması Azərbaycan boksu üçün böyük uğurdur. Çünki finalda döyüşən Rusiya təmsilçisini belə, asan keçə bilərdi. Artıq Sərxan dünya reytinqində də mövqeyini yüksəltdi. Təbii ki, Azərbaycanda da öz çəkisində bir nömrəyə çevirildi”.