Oktyabrın 7-də Azərbaycan Gimnastika Federasiyasının (AGF) yenidən qurulmasının 20 ili tamam olur.
"Report"un məlumatına görə, bu məqsədlə ölkəmizdə idman gimnastikası üzrə keçiriən Dünya kuboku zamanı yarış iştirakçılarına və tamaşaçılara yubiley nişanı və Azərbaycan gimnastikasının nailiyyətlərindən bəhs edən videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, AGF-nin korporativ üslubuna uyğun hazırlanan yubiley nişanında bədii gimnastika aləti olan lentin “sıfır” rəqəmi işarəsi formasında olması ideyasından istifadə edilib. Burada qeyd olunan “20 il inkişafda” yazıları qurumun 20 il ərzindəki uğur hekayəsini əks etdirir.
Videoçarx Birinci vitse-prezident Mehriban Əliyevanın 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik etdiyi 20 ilik müddət ərzində gimnastika sahəsində əldə olunan uğurlu inkişafdan və qazanılan yüksək nailiyyətlərdən bəhs edir.
Məhz onun rəhbərliyi altında həyata keçirilən uğurlu və səmərəli fəaliyyət nəticəsində Azərbaycanda idmanın bu növünün inkişaf mərhələsi başlayıb, beynəlxalq əlaqələr qurulub, yüksək nailiyyətlər qazanılıb, federasiya bütün tədbirlər üzrə dünyada ən fəal quruma çevrilib.