Bu gün Ümumdünya Şahmat Olimpiadasının "Top-divizion"unda 1/4 final mərhələsinin oyunları keçiriləcək.
"Report"un məlumatına görə, onlayn yarışda Azərbaycan millisi Polşa ilə üz-üzə gələcək.
Azərbaycan B qrupunu 14 xalla birinci pillədə başa vurub, Polşa isə pley-off-da Bolqarıstanı məğlub edərək növbəti mərhələyə yüksələ bilib.
1/4 final mərhələsinin digər görüşlərində Ukrayna ABŞ-la, Rusiya Macarıstanla, Hindistan isə Ermənistanla qarşılaşacaq. Azərbaycan millisi qalib gələcəyi təqdirdə, yarımfinalda Hindistan - Ermənistan cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasında yarımfinal görüşləri avqustun 29-da, final isə avqustun 30-da gerçəkləşəcək.
Xatırladaq ki, yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edir.
Azərbaycan Şahmat Federasiyası tərəfindən ehtiyat oyunçular siyahısına Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adı daxil edilib. Komandanın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.