"Formula 1" üzrə dünya çempionatının 2021 mövsümündə Azərbaycan Qran-prisindən sonra lider dəyişməyib.
"Report"un məlumatına görə, buna "Mercedes"də çıxış edən 7 qat dünya çempionu Lüis Hemiltonun Azərbaycan Qran-prisində 15-ci yeri tutması səbəb olub.
5 mərhələdən sonra birinci yerdə gedən "Red Bull" pilotu Maks Ferstappen Bakıda - 6-cı mərhələdə qəza törətsə də 105 xalla liderliyini qoruyub. Hemilton 101 xalla ikincidir.
Ferstappenin komanda yoldaşı, Bakıda qalib olan Serxio Peres isə xallarının sayını 59-a çatdırıb və üçüncü pilləyə yüksəlib.
Konstruktorlar Kubokunda da lider dəyişikliyi baş verməyib. "Red Bull" 174 xalla liderliyini möhkəmləndirib. "Mercedes" 148 xalla ikinci yerdə qalıb. "Ferrari" isə 94 xalla üçüncüdür.