"Formula 1" üzrə Azərbaycan Qran-prisinin açılış mərasimi olub.
"Report"un məlumatına görə, ilk olaraq pilotların təqdimatı gerçəkləşib.
Tədbir bir dəqiqəlik sükutla başlayıb. Bu, "Mclaren"in əsas səhmdarlarından biri Mansur Odjey və Beynəlxalq Avtomobil Federasiyasının keçmiş prezidenti Maxs Moslinin ölümü ilə əlaqədardır.
Sürücülərin təqdimatından sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə Azərbaycanda keçirilən beşinci yarışın konsepsiyası vurğulanıb. Digər konsepsiya multikulturalizm və tolerantlıq ideyasına əsaslanıb. Himn Vətən müharibəsi qazisi Atəş Qarayev və Səbinə Babayeva tərəfindən səsləndirilib.
Trek üzərində dayanan müxtəlif millətlərin nümayəndələri əllərində Azərbaycan bayrağı tutub. Onlar Bakıda keçirilən beşinci "Formula 1" yarışını simvolizə edən və barış işarəsini əks etdirən "V" formasında dayanıblar.
Mərasim üçün hazırlanan himnin xüsusi versiyası Azərbaycan bəstəkarı və musiqi prodüseri Azad Vəliyev tərəfindən hazırlanıb. Azərbaycan Respublikasının Dövlət Himninin bu tərtibatı Konstitusiya ilə dəqiq müəyyənləşdirilmiş formada təqdim olunub.
Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi saat 16:00-da start götürəcək. Yarış koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilir.