Gimnastika növləri üzrə yığma komandaların məşq etdiyi Milli Gimnastika Arenası (MGA) ərazisindəki köməkçi zalın sökülməsinə qərar verilib.
"Report" Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, səbəb onun istifadə müddətini başa vurmasıdır. 2013-cü ildən fəaliyyət göstərən zalın ümumi sahəsi 6 000 kvadratmetrdir.
Xüsusi konstruksiya əsasında quraşdırılmış belə qurğuların istismar müddəti məhduddur və bir müddət sonra onlar artıq istifadəyə yararsız olur.
Xatırladaq ki, bu zal 2015-ci ildə keçirilmiş ilk Avropa Oyunları, həmçinin 2017-ci ildə təşkil edilmiş IV İslam Həmrəyliyi Oyunları zamanı əsas məşq bazası kimi fəaliyyət göstərib. Burada həm də Bakıya təlim-məşq toplanışlarına gəlmiş xarici ölkə gimnastlarının məşqləri keçirilib. Bundan başqa, köməkçi zalda ayrı-ayrı vaxtlarda gimnastika növləri üzrə yerli çempionat və birinciliklər də təşkil edilib.