Yanvarın 12-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb.
"Report"un məlumatına görə, fərmana əsasən, ölkədə medianın inkişafının dəstəklənməsi, bu sahədə quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) əsasında Medianın İnkişafı Agentliyi (MEDİA) yaradılıb.
Nizamnamə fondu 285 405 manat təşkil edən agentlik dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. Bunadək KİVDF-nin icraçı direktoru vəzifəsini yerinə yetirmiş Əhməd İsmayılov agentliyin direktoru təyin olunub.
Bəs, görəsən, yeni yaradılmış dövlət qurumu idman mediası üçün nə vəd edir və ümumiyyətlə, bu sahədə nələr dəyişməlidir? Nəzərə alaq ki, agentliyin qarşısına bu sahədə müəyyən islahatlar tələbi qoyulub və idman mediası da bura daxildir.
Firuz Abdulla: "İdman mediasının diqqətdən kənarda qalması bizi təəssüfləndirir"
"Report"a açıqlamasında mövzuya bir az uzaqdan və ətraflı yanaşan AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdullanın sözlərinə görə, idman mediasının hazırkı durumunu dəyərləndirmək üçün əvvəlcə müəyyən müqayisələr və paralellər aparmaq lazımdır: "İlk növbədə, ondan başlayaq ki, idman mediası məsələləri barədə müzakirələr apararkən biz (idman mediasında təmsil olunan hər kəs, xüsusən, idman jurnalistləri) hər şeyə çox maksimalist yanaşmırıqmı? Sual ritorik deyil və idman jurnalistlərinin hər birinin cavablandırması üçün açıqdır.
Doğrudanmı, həmkarlarımızın tez-tez səsləndirdiyi kimi, hər şey, az qala, son dərəcə faciəvi durumdadır? Müstəqillik illərində istənilən sahə haqqında danışarkən istər-istəməz o sferanın sovet dönəmindəki vəziyyəti ilə müqayisə aparmalı oluruq. Azərbaycanda o dövrdə idman jurnalistikası çoxmu inkişaf etmişdi? Ən təcrübəli həmkarlarımız o illərdə fəaliyyət göstərmiş neçə nəfər ixtisaslaşmış idman jurnalistinin adını sadalaya bilər?
Gəlin, indiki vəziyyətə baxaq. Onlarla idman saytı, iki ixtisaslaşmış idman televiziyası, demək olar ki, bütün radiolarda idman verilişləri, xəbərləri və s., üstəgəl, klassik mətbu orqanlar – qəzetlər. Bu da heç də hamısı deyil. Və sadaladıqlarımın hər birində çalışan çoxsaylı idman jurnalistləri".
Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) vitse-prezidenti vəzifəsində də çalışan F.Abdulla hazırda onlayn medianın çap mediasını xeyli üstələdiyini bildirib: "Son bir neçə ilə qədər ölkəmizdə 4-5 idman qəzeti nəşr olunurdu. Fərqli səbəblərdən bəzi qəzetlər nəşrini dayandırmalı oldu. Əlbəttə, qəzet dövrünün geridə qalması ilə bağlı fikirlərlə razı olmasam belə, etiraf etməliyik ki, onlayn media istər məlumatın operativ dərc olunması, istərsə də, oxucu tərəfindən daha tez qəbul olunması baxımından çap mediasını xeyli üstələyir. Bu, qəzet nəşrinin azalması ilə bağlı səbəblərdən biri olsa da, təbii ki, hamısı deyil".
Milli assosiasiya rəsmisi hesab edir ki, bu gün kəmiyyətin çoxluğu keyfiyyətin azalmasına təsir edən amillərdəndir: "Amma keyfiyyətin artması, inkişaf səviyyəsinin yüksəlməsi üçün təkcə idman mediasını asıb-kəsmək, hər şeyin bərbad olduğunu demək kifayət etmir, etməyəcək. Müsbət amillərin də qeyd olunması vacibdir və istinad olunası məqamdır. Kəmiyyət – keyfiyyət münasibətlərində keyfiyyətin mütləq önə çıxacağına əminliyim var, amma bunun olması üçün zamana ehtiyac duyulur".
Yenicə təsis olunan MEDİA barədə də fikirlərini bölüşən F.Abdulla bundan sonra idman mediasına olan ögey münasibətin düzələcəyinə, buradakı çatışmazlıqların aradan qaldırılacağına inamını ifadə edib: "Media ilə bağlı qeyd etdiyiniz qurumun yeni yaradıldığını deməzdim, səhv etmirəmsə, hətta hüquqi baxımdan da sabiq qurumun xələfidir. Əlbəttə, ötən illərdə idman mediasının bir qədər diqqətdən kənarda qalması bizi təəssüfləndirən məqamdır. İdman mediası ümumi media məkanında bəzi hallarda sanki ögey övlad münasibəti ilə qarşılaşıb. İnanıram ki, bu istiqamətdə müsbət dəyişikliklər olacaq.
İdman mediası tərəfindən haqlı-haqsız tənqid olunan, müəyyən hallarda böhtanla üzləşən, əməkdaşlarının şəxsi planda bəzən təhqirə də məruz qaldığı bir təşkilatın təmsiçisi olaraq “bu sahədə nələr dəyişməlidir” sualına subyektiv mövqeyimə istinadən cavab verməyim bir qədər qeyri-etik görünə bilər. Yalnız onu deyə bilərəm ki, inkişaf üçün bəzi şeylər dəyişməlidir və həmin dəyişikliklərin nədən ibarət olması, necə həyata keçirilməsi prosesində məhz idman jurnalistləri fəallıq göstərməlidir".
Mahir Rüstəmli: "İdman jurnalistlərinin qazancı ilə normal yaşamaq mümkünsüzdür"
"Futbol+" qəzetinin təsisçisi və baş redaktoru Mahir Rüstəmli "Report"a bildirib ki, MEDİA idman jurnalistikasındakı problemlərin həllinə çalışmalıdır: "Təbii ki, idman mediası sahə mediasıdır, ancaq eyni zamanda tarix boyunca həmişə başqa sahə nəşrlərinin fövqündə dayanıb, daha populyar olub. Bu, başqa məsələ ki, idman mediasının durumu həm ölkə rəhbərliyinin idmana göstərdiyi qayğı, həm də imkanlı şəxslərin federasiyalara rəhbərlik etmələri ilə qətiyyən adekvat deyil. Bir qədər primitiv ifadə etsəm, idman jurnalistlərinin qazancı ilə normal yaşamaq mümkünsüzdür".
AİJF vitse-prezidentinin fikrincə, MEDİA bu sahənin problemlərinə də əl qoymalıdır: "Məsələn, yeni agentlik biznes-plan təqdim edən qəzetlərə, saytlara maliyyə ayıra, sonra da həmin planın icrasına nəzarət edə bilər. Bundan başqa, Gənclər və İdman Nazirliyi ilə AFFA-nın ayıra biləcəyi maliyyə əsasında özünəməxsus "hovuz" sistemi yaratmaq, idman jurnalistikası ilə ciddi şəkildə məşğul olan qəzetlərə və saytlara ciddi nəzarət-reytinq sistemi əsasında maliyyə ayırmaq mümkündür. Sırf qəzetçilikdən söhbət gedirsə, abunə və satış sistemində elementar qayda-qanun yaratmaq hesabına belə müəyyən problemlərin öhdəsindən gəlmək mümkündür. Metro stansiyalarında, böyük marketlərdə, hotellərdə, AZAL-ın reyslərində qəzet satışına və yayımına imkan verilməməsi qəribə və anlaşılmazdır".
Qabil Mehdiyev: "KİVDF idman mediasına qarşı yanlışlıq edib"
AİJF prezidenti Qabil Mehdiyev "Report"a açıqlamasında idman jurnalistikasının ölkə mediasının ictimai-siyasi KİV-dən sonra ən böyük qolu sayıldığını deyib: "Həm oxucu və tamaşaçı auditoriyası baxımından, həm də bu sahədə çalışan jurnalistlərin, eləcə də idman mediası orqanlarının sayına görə, bu, danılmaz faktdır. Ölkəmizdə Olimpiya Hərəkatına birbaşa ölkə prezidentinin rəhbərlik etməsi, əksər idman federasiyalarına müxtəlif nazirlərin başçılığı fonunda idman mediası diqqətdən kənarda qala bilməz. Bu qayğını dövlətin vahid idman media siyasətindən ayırmamaq lazımdır".
Azərbaycan Prezidentinin media nümayəndələri arasında fərq qoymadığını söyləyən əməkdar jurnalist ölkə başçısının onlara qayğı və hörmətlə yanaşdığını vurğulayıb: "Hətta dövlət başçısının dəfələrlə idman jurnalistlərinə ayrıca müsahibələri də olub. Bir çox idman jurnalistimizi mənzillə, fəxri ad və medallarla təltif edib. Cənab Prezident hələ 2019-cu il dekabrın 25-də Milli Olimpiya Komitəsində, ilin idman yekunlarına həsr olunmuş tədbirdə çıxışı zamanı tövsiyə edib ki, bizim mətbuat orqanları idmanın təbliği sahəsindəki fəaliyyətlərini gücləndirsinlər. Bu gün idman mediasını inkişaf etdirməliyik ki, bu sahədə çalışanlar dövlətimizin başçısının bu çağırışına layiqincə qoşula bilsin, fəallıq göstərsinlər".
Q.Mehdiyevin fikrincə, əvvəlki KİVDF rəhbərliyi öz layihələrində ictimai-siyasi media şərti qoşaraq, idman mediasını ümumu KİV-dən ayırmaqla yanlışlığa yol verib: "Amma yeni yaradılan MEDİA-nın icraçı direktoru Əhməd İsmayılovla görüş zamanı əmin oldum ki, yeni komanda idman mediasına ögey münasibət bəsləmir və dövlətin qayğısını idman jurnalistləri də tezliklə hiss edəcəklər. Bu gün həqiqətən də, idman mediasının qayğıya və dəstəyə ehtiyacı var. Bununla bağlı təkliflər paketini hazırlayıb yaxın günlərdə MEDİA-ya təqdim edəcəyik. Ümidvarıq ki, idman mediasının da inkişafına birlikdə nail ola biləcəyik".
MOK rəsmisi: "MEDİA idman jurnalistikasını layihələrdən kənarda qoymamalıdır"
Milli Olimpiya Komitəsinin (MOK) Mətbuat katibi Günay Malikqızı Azərbaycanın idman mediasındakı əsas problemin ixtisaslaşma və dil biliyi ilə bağlı olduğunu qeyd edib: "Biz MOK olaraq, təkcə yerli yox, xarici media ilə də əlaqədəyik. Azərbaycanın idman jurnalistikasında ixtisaslaşma yoxdur. Bunun da özünün obyektiv və subyektiv səbəbləri var. Yəni, jurnalistlərin özlərindən qaynaqlanan problem deyil. İdman mediasında ixtisaslaşma çox vacibdir. Digər tərəfdən, xarici dil məsələsi var. Bilirsiniz ki, nə qədər çox dil bilsən, o qədər yaxşıdır. Jurnalistlərimiz bununla bağlı da çətinliklərlə üzləşirlər. Əslində Azərbaycanda idman mediası kifayət qədər inkişaf edib. Amma bizdə araşdırma jurnalistikası özünü o qədər də göstərməyib. İdman jurnalistikasına daha çox xəbər baxımından yanaşırıq. Araşdırma yazıları çox olsaydı, daha maraqlı alınardı".
MOK rəsmisi bildirib ki, MEDİA idman jurnalistikasına xüsusi diqqət göstərməli, onu layihələrdən kənarda qoymamalıdır: "Çox istərdim ki, MEDİA idman jurnalistlərini kənarda qoymasın. Bu sahənin jurnalsitlərinə yönələn layihələr, aksiyalar gerçəkləşdirsin, həyata keçirsin. İdman mediasında peşəkarlar var. Məsələn, bizdə ixtisaslaşma olmadığı üçün jurnalistlər idmanın hər sahəsini bilir. MEDİA idman jurnalistikasına xüsusi diqqət yetirməlidir. Həm bu sahədəki peşəkarların işlərinin qiymətləndirilməsi, həm onların iş görməsinə şərait yaratmaq, həm də bu sahənin inkişafı üçün plan hazırlanmalıdır. Düşünürəm ki, bu agentlik də digər media qurumları kimi bütün dünyada artıq özünə yer edən və sürətlə inkişaf edən rəqəmsal texnologiyalardan istifadəni önə çəkməlidir. Bizim jurnalistlərə də bu sahədə təlimlər keçmək, onları istiqamətləndirmək olar. Fikrimcə, bu çox əhəmiyyətlidir".