Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Azərbaycanın bədii gimnastları Milli Gimnastika Arenasında yoxlama məşqi keçirib.
Azərbaycan Gimnastika Federasiyasından (AGF) "Report"a verilən məlumata görə, hazırlıq prosesində idmançılar yarışda sərgiləyəcəkləri çıxış proqramlarını təqdim ediblər.
Yoxlama məşqlərini gənclər və idman nazirinin müavini Mariana Vasileva, tanınmış rusiyalı gimnast, beşqat dünya çempionu, Atlanta-1996 Yay Olimpiya Oyunlarının mükafatçısı, 2019-cu ildə Bakıda keçirilmiş bədii gimnastika üzrə dünya çempionatının ulduz səfiri Yana Batırşina, paytaxt və regionları təmsil edən klubların idmançıları da izləyiblər.
Qeyd edək ki, 9 - 18 avqustda təşkil olunacaq İslamiadada bədii gimnastika üzrə fərdi yarışlarda Zöhrə Ağamirova, İlona Zeynalova və Alina Gözəlova medallar uğrunda mübarizə aparacaqlar. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandası da yarışda gücünü sınayacaq.
Mötəbər turnirin aerobika gimnastikası yarışlarında Vladimir Dolmatov və Mədinə Mustafayeva fərdi proqram ilə yanaşı, qarışıq cütlük kateqoriyasında da çıxış edəcəklər. M.Mustafayeva, V.Dolmatov və Xoşqədəm Quliyeva üçlük proqramında mübarizə aparacaqlar.
Qadın idman gimnastikası yarışlarında Milana Minakovskaya, Samirə Qəhrəmanova, kişi idman gimnastikasında isə İvan Tixonov, Mənsum Səfərov və Nikita Simonov Azərbaycanın idman şərəfini qoruyacaqlar. Kişi idman gimnastikası üzrə yığma artıq Konyaya yola düşüblər.
"Konya-2021"də bədii gimnastika üzrə yarışlar avqustun 13-14-də, idman gimnastikası ayın 10-11-də və 17-18-də, aerobika isə 13-14-də keçiriləcək.