"Yarışa çox ciddi hazırlaşmışdıq. Yaxşı təlim-məşq toplanışı keçmişdik. Federasiya bizim üçün bütün lazımi şəraiti yaratmışdı. Öhdəmizə düşən də çempion olmaq idi. Sevinirəm ki, buna nail oldum. Hədəflərim böyükdür. İnanıram ki, hər şey yaxşı olacaq".
"Report"un məlumatına görə, bu fikirləri Serbiyanın paytaxtı Belqraddakı U-23 dünya çempionatında qızıl medal qazanmış Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Heydər Əliyev Beynəlxalq Aeroportundakı qarşılanma mərasimində jurnalistlərə açıqlamasında deyib.
57 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxmış idmançı qələbəsini Azərbaycan xalqına həsr etdiyini bildirib: "Bu gün Zəfər Günüdür. Sevindiricidir ki, uğurumuz bu ərəfəyə təsadüf etdi. Qələbəmi şəhid ailələrinə, qazi qardaşlarımıza, Qarabağ uğrunda döyüşən bütün əsgərlərimizə həsr edirəm".
1/4 finalda Ermənistan güləşçisi Manvel Xndzrtsyana qalib gələn Rzazadə həmin görüşdə məsuliyyətinin daha böyük olduğunu vurğulayıb: "Bu qarşılaşmaya daha çox hazırlaşdım. Qələbə qazanacağımı bilirdim. Sevinirəm ki, bunun öhdəsindən gəldim. Erməniyə məğlub ola bilməzdim. Çünki qarşıdan Zəfər Günü gəlirdi. Qalib gəldim ki, ikiqat sevinc olsun".
O, sonda Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etmək və qələbə qazanmaq arzusunda olduğunu əlavə edib.