İnanırıq ki, Paris-2024 bizim üçün ən uğurlu olimpiada olacaq.
"Report" un Fransanın paytaxtı Parisə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva deyib.
Səfir Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Zelim Kotsoyev və bürünc medalı təmin edən boksçu Alfonso Dominqesin uğurlu çıxışlarına münasibət bildirib:
"İkinci möhtəşəm qələbəmizin sevincini yaşadıq. Olimpiada davam edir. Belə qələbələrin ardı gələcək. Bu gün bizim üçün xüsusi önəm daşıyır. Çünki cüdoçu Zelim Kotsayevin qızıl medal qazanması ilə yanaşı, boksçu Alfonso Dominqes bürünc medalı özü üçün təmin edib. Qürur hissi yaşayırıq. Fransada yaşayan azərbaycanlılar daim idmançılarımızı qələbəyə səsləyir. İdmançılarımız bilir ki, bütün Azərbaycan xalqı onların arxasında dayanıb. İnanırıq ki, Paris-2024 bizim üçün ən uğurlu olimpiada olacaq".
Qeyd edək ki, cüdoçu Zelim Kotsoyev (100 kq) finalda gürcüstanlı İlya Sulamanidzeyə qalib gələrək olimpiya çempionu olub. Ölkəmizi boks yarışlarında təmsil edən Alfonso Dominqes (92 kq) isə qazaxıstanlı Aybek Oralbaya qalib gələrək yarımfinala adlayıb və bürünc medalı özü üçün təmin edib.