Azərbaycanlı döyüşçü UFC-yə keçə bilər

Azərbaycanlı döyüşçü UFC-yə keçə bilər Şəhriyar Abbasov: "Nəriman sübut etdi ki, Azərbaycan güləşi müdafiə də oluna bilir, güləşə də bilir, döyə də bilir"
Fərdi
13 Aprel , 2021 09:48
Azərbaycanlı döyüşçü UFC-yə keçə bilər
Şəhriyar Abbasov

"Nəriman Abbasovla dağıstanlı rəqibi Şamil Amirov arasındakı döyüş prinsipial xarakter daşıdığı üçün üzərimizdə böyük təzyiq var idi".

Bunu "Report"a açıqlamasında azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasovun məşqçisi Şəhriyar Abbasov deyib. Ş.Abbasovun sözlərinə görə, Rusiyanın paytaxtı Moskvada təşkil olunmuş "AMC Fight Nights 100" turnirindəki döyüşün aprelin 10-dan aprelin 11-nə təxirə salınması onlar üçün psixoloji cəhətdən çətin anlar yaşadıb: "Çünki Amirov əvvəllər daha yüksək çəki dərəcələrində - 84 kq-da vuruşub, 77 kq-da çempion olub, sonra isə çəkisini 70 kq-ə salıb. Bir günlük təxirəsalmadan sonra onun çəkisi, sözsüz ki, artmışdı. Lakin bütün bunlara rəğmən, Nəriman onu məğlub etdi və xalqımıza qələbə sevincini yaşatdı".

Məşqçi 2013-cü ildə yeniyetmə sərbəst güləşçilər arasında Avropa çempionu olmuş Ş.Amirovun N.Abbasovla döyüşdən öncə Azərbaycan güləşi barədə xoşagəlməz ifadələr işlətdiyini xatırladıb. Onun sözlərinə görə, yetirməsi bunun əksini sübuta yetirib: "Nəriman sübut etdi ki, Azərbaycan güləşi müdafiə də oluna bilir, güləşə də bilir, döyə də bilir".

Ş.Abbasovun sözlərinə görə, N.Abbasov rəqibini 2-ci raunddaca məğlub duruma salıb: "Əslində döyüşü 2-ci raundda saxlamalı idilər, lakin Amirova tərəfkeşlik olundu. 3-cü raundda Nəriman rəqibini daha güclü zərbələrlə biabırçı şəkildə məğlub etdi. 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra idmançımızın bu nailiyyəti lap yerinə düşdü".

Azərbaycanlı məşqçi döyüş öncəsi ermənilərin təxribat törətmək istədiklərinə diqqət çəkib: "Aprelin 10-da daha çox azərkeş olacaqdı deyə, belə bir şayiə yayıldı ki, azərbaycanlılarla ermənilər arasına toqquşma olacaq. Lakin biz bütün bu şayiələri qulaqardına vuraraq, öz qələbəmizə kökləndik".

Ş.Abbasov tələbəsinin gələcək planlarından və onun UFC-də çıxış etmə ehtimalından da danışıb: "Ölkə rəhbərliyindən sizin vasitənizlə çox xahiş edirəm ki, Nərimanın AMC kəmərini Azərbaycanda müdafiə etməsinə, maliyyə məsələsinin həllinə köməklik göstərməsinə dəstək verilsin. "AMC Fight Nights"ın Azərbaycanda baş tutmasını arzulayırıq. Danışıqlar gedir ki, Nəriman UFC-yə getsin. Hazırda viza və maliyyə məsələləri araşdırılır. Yaxın vaxtlarda hər şey dəqiqləşəcək".

Son xəbərlər

Orphus sistemi