Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycanın heç bir təmsilçisi hələlik finala yüksələ bilməsə də, Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov bunu bacarıb. "Report"un məlumatına görə, 22 yaşlı idmançı 67 kq çəki dərəcəsində Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.
Əslən Ağstafa rayonunun Muğanlı kəndindən olan Pərviz Nəsibov "qızıl"ın bir addımlığında iranlı Məhəmmədreza Gerayiyə uduzub.
"Məşqçisi deyib ki, bu uşağın yaxşı gələcəyi olacaq"
Uşaq yaşlarından güləşin sərbəst növü ilə məşğul olmağa başlayan Nəsibov ilk uğuruna 6 yaşında imza atıb. Qazaxın Daş-Salahlı kəndində Azərbaycanın fəxri bədən tərbiyəsi və idman işçisi, Respublika dərəcəli hakim Gülməmməd Gülməmmədovun 60 illik yubileyinə həsr olunmuş xatirə turnirində 23 kq çəki dərəcəsində 3-cü yeri tutmuş idmançı diplomla təltif olunub.
6 yaşı olarkən ailəsi ilə birlikdə Ukraynaya köçən Pərviz güləşdən uzaqlaşmayıb. Atası Paşa Nəsibovun "Report"a dediyinə görə, oğlu güləşə Muğanlıda başlayıb: "Öz qohumumuzun idman zalında məşq edirdi. Lakin orada işimiz alınmadığı üçün 5-6 aydan sonra Ukraynanın Nikolayev şəhərinə köçdük. Burada evimiz var, 2015-ci ildə almışıq. Amma hələ köçməmişik. Ət satışı ilə məşğul oluruq. Pərviz 5-ci sinfədək burada oxuyub, sonra onu Mariupoldakı İdman-İnternat məktəbinə göndəriblər. Orada 2 il məşq etdikdən sonra Zaporojyeyə gəldi. Çünki Zaporojyedə Vüqar Rəhimov və Yaşar Nəsirov adlı yerli məşqçilərimiz var idi. Karyerasını orada qurmağa başladı. Həm ali məktəbdə oxudu, həm də güləşdi".
Atası bildirib ki, Pərviz kiçik yaşlarından çox nadinc uşaq olub: "Soyuqbulaqda Yusif müəllim var, biz tərəflərdə güləşin kökünü yaradan insandır. Oğlum ilk dəfə zala gedəndə deyib ki, bu uşağın yaxşı gələcəyi olacaq. Ona Pərvizin mənim oğlum olduğunu deyəndə yanına çağırıb, üzündən-gözündən öpüb. Deyib ki, sən mənim qardaşımın oğlusan. Aramızda yaş fərqi olsa da, Yusif müəllimlə dostluq etmişəm. O insanın xətrini çox istəyirəm".
Oğlunun sonradan yunan-Roma güləşini seçməsinin səbəbini açıqlayan Paşa Nəsibov digər iki övladının da bu idman növü ilə məşğul olduğunu söyləyib: "Ukraynada yaşadığımız rayonda güləşin yalnız yunan-Roma növü inkişaf edib. Bir az kənar bölgələrdə sərbəst güləş zalları var. Gedib danışdıq, amma sonda yunan-Roma güləşini seçdik. Çünki buradakı məşqçi çox xoşumuza gəldi. Qardaşım, yoldaşımın qardaşları da Ukraynada yaşayır. Qardaşımın Nəsrullah və Əli adında iki oğlu var. Onlar da güləşçidirlər. Həmçinin Pərvizdən başqa, digər iki oğlum da güləşlə məşğul olur. Böyük oğlum Azərbaycan vətəndaşıdır, hərbi xidmətini vətənində keçdi. Nəsrullahın nailiyyətləri var, 3-4 dəfə Ukrayna çempionu olub, Serbiyada müxtəlif vaxtlarda 1 - 2-ci yerlərə çıxıb".
"Oğlumu Azərbaycan, Türkiyə və Rusiyadan istəyirdilər"
Pərviz Nəsibovun Tokio olimpiadasında gümüş medal qazanması ilə bağlı təəssüratlarını bölüşən atası bildirib ki, ondan daha böyük uğur gözləyib: "Təbii ki, müəyyən hisslər keçirdik. Amma artıq hər şey geridə qaldı. Şükürlər olsun ki, olimpiadada medalsız qalmadı. Düzdür, finalda qələbə gözləyirdik. Qızıl medal 100 faiz Pərvizin olmalı idi. Sadəcə, bir az çətinlik, anlaşmazlıq oldu. Özü də tələsdi. Olimpiya çempionu olacağına əmin idim. Son 2 dəqiqədə döşəkdən çıxdı və rəqibə xal verdilər. Halbuki Pərviz iranlı güləşçiyə qalib gəlməli idi. Çünki fiziki cəhətdən rəqibindən qat-qat güclü idi. Amma bu cür alındı, qismət belə imiş".
Ata Nəsibov Tokiodakı zəfərdən sonra xeyli təbrik aldıqlarını bildirib: "Mənim bütün qohumlarım, atam-anam, qardaşım, bacım Azərbaycanda yaşayır. Orada yaxşı dostlarımız var. Pərvizin uğuruna sevinənlərin hamısına təşəkkür edirəm. Allah hamısının köməyi olsun. Oğlumun məşqçiləri, Ukraynadakı dostlarımız zəng vurub təbrik etdilər, telekanallar müsahibə aldılar. Yəqin, Pərvizə evi bundan sonra verərlər. Amma mənim üçün ev yox, onun qızıl medal qazanması daha önəmli id".
Onun sözlərinə görə, təqribən 2 il öncə oğlu ilə bağlı Azərbaycandan təklif gəlib: "Amma konkret təklif deyildi. Səfirlikdən zəng vurmuşdular. Pərviz dedi ki, qoy, bir az güləşim, sonra fikirləşərik. Bu məsələlərin hamısını Pərvizlə danışmaq lazımdır. Özünün razılığı olmalıdır. Çünki əziyyəti çəkən odur. Vaxtilə Türkiyə və Rusiya da onu istədi, amma getmədi. Əlbəttə, mən oğlumun Azərbaycanın adından çıxış etməsini istərdim. Bu, mənim üçün də fəxr olardı. Amma vaxtında maraqlanan olmadı. Ukraynaya gəldik, dolanışıq çətin idi. Sənədlərimiz qaydasında deyildi. Anası gündə iki dəfə Pərvizi məşqə aparırdı".
"Öz millətimiz burada Pərvizə dəstək olmadı"
Atası Ukraynada yaşayan azərbaycanlıların Pərviz Nəsibova biganə münasibətindən məyusluğunu da gizlətməyib: "Burada bir şirkət açılıb. Oğlumu, lisenziya qazandıqdan sonra çağırdılar. Gəldi, bir müddət yanımda qaldı. Sonra toplanışlar başladı, bazaya getdi. Mənə ən pis təsir edən odur ki, Ukraynada kifayət qədər azərbaycanlı yaşasa da, ona dəstək verən, maraqlanan olmadı. Konça-Zaspa Olimpiya Bazasında ermənilər də məşq edirdilər. Deyir ki, onların yanına hər gün gəlib-gedir, hər şey alıb gətirirdilər. Dedim, heç nə olmaz, get, öz zəhmətinlə medal qazan, hər şey yaxşı olacaq. Yəni, öz millətimiz burada Pərvizə dəstək olmadı. Medal qazandıqdan sonra isə yəqin ki, maraqlananlar olub. Hamımız azərbaycanlıyıq, milliyətimizi danası deyilik. Amma mən başqa cür təsəvvür edirdim. Buna da şükür".
O, oğlunun Tokio olimpiadasında Ukraynaya ilk qızıl medalı qazandıran Ali Radanın deputatı Jan Belenyukla birlikdə məşq etdiyini söyləyib: "Mən Nikolayevdə, Pərviz isə Zaparojyedə qalır. Amma çox vaxt Konça Zaspada təlim-məşq toplanışında olur".
Əmisi: "İstərdik ki, Ukraynada yaşasa belə, Azərbaycanı təmsil etsin"
Güləşçinin əmisi İsgəndər Nəsibov isə "Report"a deyib ki, qardaşı oğlu hələ uşaqlıqdan həmyaşıdları arasında seçilib: "Qeyri-adi uşaq idi. Muğanlıda ilk məşqçiləri Usub və Zəkəriyyə müəllim olub. Birinci sinfi burada oxuyub. Atası heyvandarlıqla məşğul olurdu. Sonra işləri alınmadı, Ukraynaya köçdülər, Pərviz orada güləşməyə davam etdi. O, qeyri-adi, diribaş, özünə hörmət qazanmağı bacaran uşaq olub. Kənddə yatağım var idi. 4 yaşından mənimlə oraya gedib-gəlirdi. Evlə yatağın arası 8 - 9 kilometr idi. Hətta elə olub ki, 5 yaşında özü təkcə atla oraya gedib qayıdıb. At sürürdü, yıxılandan sonra heç nə olmamış kimi ayağa dururdu".
Onun sözlərinə görə, Pərviz Nəsibovun olimpiadada gümüş medal qazanması böyük nailiyyətdir: "Medal qazanandan sonra özü ilə də danışmışam, qardaşıma zəng vurub, təbrik etmişəm. Həm sevinirdi, həm də məyusluğu var idi. Pərvizin qızıl medal qazanmasını istəyirdi. Şükür, bu da pis nailiyyət deyil".
İ.Nəsibov idmançının Azərbaycanı təmsil etməsini arzuladıqlarını bildirib: "Ukraynaya gedəndən ölkəmizə gəlməyib. Atası isə təqribən 3-4 il öncə burada olub. Hər zaman ürəyimizdən keçir ki, kaş, Azərbaycan bu uşağı gətirsin. O da öz Vətəni üçün güləşsin, bizi təmsil etsin. Özünə sual verəndə, deyir ki, hələ bu barədə fikirləşməmişəm. Çünki qarşısında konkret hədəfləri var. İstərdik ki, Ukraynada yaşasa belə, Azərbaycanı təmsil etsin. Pərviz olimpiya lisenziyasını Azərbaycan təmsilçisi Rəsul Çunayevə qalib gələrək qazandı. Hər ikisinin fotosunu feysbukda paylaşmışdım. Rəsulla görüşü haqqında soruşanda bildirdi ki, tanışlığımız var idi, həmin qarşılaşmadan sonra bir-birimizlə daha yaxşı münasibətimiz yarandı".