"Qızıl medal qazandığım üçün şadam. Bayrağımızı yüksəklərdə dalğalandırdım".
"Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal əldə edən Azərbaycanın para-üzgüçüsü Vəli İsrafilov Bakıdakı qarşılanma zamanı jurnalistlərə açıqlamasında deyib.
100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında bütün rəqiblərini geridə qoyan idmançı medalını Qarabağ əlillərinə və şəhidlərə həsr etdiyini bildirib: "Valideynlərimə, məşqçilərimə təşəkkür edirəm. Prezident İlham Əliyevə də təşəkkürümü bildirirəm ki, bizim üçün hər şəraiti yaradıb".
Uzunluğa tullanma növündə paralimpiya çempionu olan Orxan Aslanov Tokioda əlindən gələnə etdiyini söyləyib: "Bütün Azərbaycan xalqına təşəkkür edirəm. Bizə dəstək olduqları üçün hər kəsə minnətdaram. Çempion olmaq mənə nəsib oldu, Vətənə qızıl medalla qayıtdım".