Baş katib: "Lisenziyası olmayan klub yarışlarda iştirak edə bilməyəcək"

Baş katib: "Lisenziyası olmayan klub yarışlarda iştirak edə bilməyəcək" "2024-cü il yanvarın 1-dən yeni qayda tətbiq olunacaq. Artıq ilkin müzakirələr baş tutub. Lisenziyası olmayan klub federasiyanın keçirdiyi yarışlarda iştirak edə bilməyəcək".
Fərdi
9 Yanvar , 2023 16:46
Baş katib: Lisenziyası olmayan klub yarışlarda iştirak edə bilməyəcək

"2024-cü il yanvarın 1-dən yeni qayda tətbiq olunacaq. Artıq ilkin müzakirələr baş tutub. Lisenziyası olmayan klub federasiyanın keçirdiyi yarışlarda iştirak edə bilməyəcək".

Bunu "Report"a geniş müsahibəsində Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu bu idman növünün daha da inkişaf etdirilməsi barədə danışarkən deyib.

O bildirib ki, bu istiqamətdə görülən işlərdən biri lisenziyalaşdırmadır: "Yeni qaydalar tətbiq etdik və klubları lisenziyalaşdırmağa başladıq. Hazırda 21 klub bizdən lisenziya alıb. 2023-cü ildə isə hamısını bu prosedurdan keçirmək istəyirik. Burada iki məqsəd var. Birincisi, lisenziya verdiyimiz klubların adlarını saytımıza yerləşdirəcəyik. Artıq valideynlər daha doğru seçim edə biləcəklər. İkinci məsələ isə odur ki, federasiya klublara kömək etmək istəyir. Minimum tələblərimiz var. Amma futboldakı kimi ciddi deyil. Onlara keçid dövrü vermişik ki, çatışmazlıqları aradan qaldırsınlar".

R.Rəsullu lisenziyalaşdırma ilə bağlı hansı meyarların tələb olunacağını da açıqlayıb: "Burada hüquq, fiziki infrastruktur və kadrla bağlı meyarlar var. Sözsüz ki, federasiyanın hansısa klubun fəaliyyətinə qadağa qoymaq kimi səlahiyyəti yoxdur. Sadəcə, yarışa buraxmayacağıq. Özləri gedib klublararası yarışlara qatıla bilərlər, bu, onların şəxsi məsuliyyətidir. Amma Azərbaycan Cüdo Federasiyasının təşkil etdiyi yarışlarda qüvvəsini sınamaq istəyirsə, mütləq lisenziya almalıdır".

Federasiya rəsmisinin sözlərinə görə, növbəti addım məşqçilərin lisenziyalaşdırılmasıdır: "Onlar minimum tələblərə cavab verməlidirlər. Bizdə 539 məşqçi fəaliyyət göstərir ki, onlar arasında kifayət qədər tanınmışları da var. Təbii ki, həmin məşqçiləri çağırıb imtahan götürməyəcəyik. Bir çoxu avtomatik olaraq lisenziya alacaqlar. Amma elələri də var ki, onları hazırlıq kursundan keçməyə məcbur edəcəyik. Bunu isə daxili təlim proqramı vasitəsilə etməliyik. Çünki hamı Beynəlxalq Cüdo Federasiyasının akademiyasını bitirə bilməyəcək. Məsələn, kimsə köməkçi məşqçi işləmək istəyir. Biz onu harada yoxlaya bilərik? Deməli, daxili təlim proqramı olmalıdır. Hazırda bunun üzərində işləyirik. Ayın sonunda iclasımız olacaq. Ümid edirəm ki, orada həmin konsepsiyanı yekunlaşdıracağıq".

O, cüdoçulara kəmər və dan dərəcələrinin verilməsini müzakirə etdiklərini vurğulayıb: "Bunun üçün tələb olunan müəyyən qaydalar var ki, onları hazırlayırıq. Həmin komissiyanı qurub imtahanlar götürəcəyik. Bunun nəticəsində hamı öz dərəcəsini biləcək və inkişaf prosesini görəcək. Bu, kütləviləşdirmə baxımından niyə önəmlidir? Motivasiya çox vacib məsələdir. Məsələn, uşaq 1 ildir cüdo ilə məşğul olur, amma daim yarışlarda uduzur. Hər məğlubiyyət onun motivasiyasına mənfi təsir göstərir. Amma düşünsə ki, 6 ay məşq etdikdən sonra hansısa kəmər alacaq, bu, ona stimul verəcək. Çünki yarışa gedən hər idmançı qələbə qazana bilmir. Ona görə klublar motivasiya baxımından yarışlar təşkil edir, qaliblərə medallar verirlər. Halbuki həmin medalların heç bir dəyəri yoxdur. Hətta bəzi məşqçilər valideynlərdən pul yığıb uşaqları ölkə xaricinə yarışlara aparırlar. Bunlar rəsmi yarışlar deyil. Uşaqlar orada medal qazanırlar, valideynlər isə elə bilirlər ki, övladları istedadlıdır. Amma 15 yaşına gəlib çatdıqdan sonra yerli federasiyanın təşkil etdiyi daxili yarışda elə ilk görüşdəcə uduzur. Valideyn isə etiraz edir ki, mənim uşağım beynəlxalq yarışda bu qədər medal qazanıb. Başa düşmək lazımdır ki, uşağın hansısa idman növü ilə məşğul olması sırf nəticə üçün olmamalıdır. Burada fiziki və mənəvi inkişafı da önəmlidir. Ona görə kəmər və dan dərəcələri çox önəmlidir. Biz bunu mərkəzləşdirilmiş formada edəcəyik".

Baş katib bu il daxili yarışların sayını artıracaqlarını vurğulayıb: "Mentalitetimiz elədir ki, güləşməyi, mübarizə aparmağı xoşlayırıq. Bu il 44 yarış planlaşdırmışıq. Say daha da artacaq. Ötən il keçirdiyimiz 32 yarışda 8 minə yaxın uşaq iştirak edib. Bu isə 4 min unikal idmançı deməkdir. Kifayət qədər böyük rəqəmdir. Bunlar yalnız rəsmi yarışlardır. Hədəfimiz ondan ibarətdir ki, cüdo hamı üçün əlçatan olsun. İnsanların regionlarda cüdo ilə məşğul ola bilməsi üçün şərait yaratmaq lazımdır. Azərbaycanda 80 inzibati vahid var. Bunların 72-də cüdo bölməsi fəaliyyət göstərir. Ölkədən 16 mindən çox insan cüdo ilə məşğul olur. Hesablamalarımıza görə, bu rəqəm cari ildə 2-2,5 min nəfər artacaq. Əsasən Bakı, Sumqayıt, Gəncə, Zaqatala, Şabran, Siyəzən və cənub zonasında cüdo bölmələri fəaliyyət göstərir".

Rəsullu cüdonun populyarlaşdırılması və kütləviləşdirilməsi ilə bağlı Türkiyə Cüdo Federasiyası ilə əməkdaşlıq etdiklərini diqqətə çatdırıb: "Onların çox gözəl inkişaf proqramı var. Düzdür, Türkiyə cüdosunun elit səviyyədə nəticələri o qədər də yaxşı deyil. Amma son 4-5 ildə yeniyetmə və gənclərdə çox gözəl nəticələr qazanırlar. Ötən il gənclər arasında dünya çempionatında komanda hesabında 2-ci yeri tutdular. Xüsusilə qızlar arasında ağır çəkidə dünya çempionları var. İndi əsas məsələ həmin gəncləri böyüklərə transfermasiya etməkdir. Bunun üçün spesifik proqramları var. Amma sırf bu idman növünün populyarlaşdırılması və kütləviləşdirilməsi, yarışların təşkili baxımından Türiyə Cüdo Federasiyası öz işini yüksək səviyyədə görür".

Qeyd edək ki, Rəşad Rəsullunun müsahibəsini yanvarın 10-da "Report"da oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi