Baş məşqçi: "Ən böyük yük Rafael Ağayevin üzərinə düşmüşdü"

Baş məşqçi: "Ən böyük yük Rafael Ağayevin üzərinə düşmüşdü" "Yarışın başlamasına 15 gün qalmış Rafael Ağayevin ayağını gipsdən çıxarmışdılar"
Fərdi
22 Noyabr , 2021 17:40
Baş məşqçi: Ən böyük yük Rafael Ağayevin üzərinə düşmüşdü
Qurban Tağıyev

"Yalnız 60 kq-da yer alan Əminağa Quliyevi çıxmaq şərtilə, heyətdəki digər idmançıların hamısı təcrübəli idi. Buna baxmayaraq, Quliyev yalnız 4-cü dövrədə uduzmaqla, özünü yaxşı tərəfdən göstərdi. 67 kq-da Tural Ağalarzadə isə yaxşı işləsə də, misirli Əli Elsaviyə məğlub oldu".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycanın kişilərdən ibarət kumite yığmasının baş məşqçisi Qurban Tağıyev Heydər Əliyev Beynəlxalq Aeroportundakı qarşılanma mərasimində idmançıların Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş dünya çempionatındakı çıxışını dəyərləndirərkən deyib.

43 yaşlı mütəxəssis bildirib ki, ən titullu karateçi olan Rafael Ağayev ayağındakı zədəyə baxmayaraq, inamlı təsir bağışlayıb: "Yarışın başlamasına 15 gün qalmış ayağını gipsdən çıxarmışdılar. Ümid edirdik ki, təcrübəsi hesabına 6-cı dəfə dünya çempionu olacaq. Təəssüf ki, zədə özünü bir daha göstərdi və Ağayev 3-cü dairədə uduzdu. Lakin komandanın heyətində bütün döyüşlərini qələbə ilə başa vurdu. Demək olar ki, ən böyük yük onun üzərinə düşmüşdü".

Tağıyev 84 kq çəki dərəcəsində çıxış edən Pənah Abdullayevə böyük ümid bəslədiklərini, lakin karateçinin zədə səbəbindən uduzduğunu söyləyib: "2-ci dairədə çənəsi qırıldığı üçün döyüşü qura bilmədi və məğlub oldu. 84 kq-dan yuxarı çəkidə yer alan Asiman Qurbanlıdan da yaxşı nəticə gözləyirdik. Neçənci Avropa, dünya çempionatıdır ki, finala çıxıb uduzurdu. Bu dəfə bürünc medal qazandı. Açığı, onun yenə finala yüksələcəyini gözləyirdik. Lakin 3-cü yeri tutmasını da qənaətbəxş sayırıq".

Baş məşqçi karate komandasının dünya çempionu ola bilməməsinin səbəbini də açıqlayıb: "İlk dövrədə yarışın ən təcrübəli yığmalarından olan Xorvatiya ilə qarşılaşdıq. Son Avropa çempionları ilə görüşdə bütün gücümüzü ortaya qoyduq. Uşaqların istəyi hesabına xorvatları keçə bildik. Növbəti döyüşlərdə Hindistan və Yaponiyaya vaxtından əvvəl qalib gəldik. Ardınca istirahət etmədən Serbiya ilə üz-üzə gəldik. Uşaqlarda yorğunluq və zədə özünü göstərdiyi üçün məğlub olduq. Burada Abdullayevin zədə səbəbindən komandaya kömək edə bilməməsi də həlledici rol oynadı. Daha sonra Şimali Makedoniyadan üstün olduq. 3-cü yer uğrunda görüşdə isə Özbəkistan üzərində qələbə qazanaraq, bürünc medal qazandıq. Bu uğurda rolu olan hər kəsə minnətdarlığımızı bildiririk".

Son xəbərlər

Orphus sistemi