Arif Abdullayev: "Prezidentin gənc güləşçiləri qəbul etməsi çox sevindiricidir"

Arif Abdullayev: "Prezidentin gənc güləşçiləri qəbul etməsi çox sevindiricidir" "İlk dəfə idi cənab Prezidentin qəbulunda olurdum. Dövlət başçısının gənc güləşçiləri qəbul etməsi çox sevindirici və gözlənilməz hal idi".
Fərdi
19 Mart , 2022 10:53
Arif Abdullayev: Prezidentin gənc güləşçiləri qəbul etməsi çox sevindiricidir

"İlk dəfə idi cənab Prezidentin qəbulunda olurdum. Dövlət başçısının gənc güləşçiləri qəbul etməsi çox sevindirici və gözlənilməz hal idi".

Bunu "Report"a açıqlamasında Azərbaycanın sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandasının məşqçisi Arif Abdullayev Bolqarıstanın Plovdiv şəhərindəki U-23 Avropa çempionatından sonra Prezident İlham Əliyevlə görüş təəssüratlarını bölüşərkən deyib.

54 yaşlı mütəxəssis bildirib ki, ölkə rəhbəri xoş sözləri ilə idmançıları ruhlandırıb, güləşçilər isə qarşıdakı bütün yarışlarda Azərbaycan bayrağını yüksəklərə qaldıraraq, Dövlət Himnini səsləndirəcəklərinə söz veriblər: "Pəhləvanlarımızın buna gücləri də var. Onlar gələcəkdə də gözəl nəticələrlə Azərbaycan xalqını sevindirəcəklər. Prezidentlə görüş barədə bizə bir gün əvvəl məlumat verdilər. Həmin vaxt təlim-məşq toplanışında idik. Hamı bu xəbərə çox sevindi".

Abdullayev Prezident İlham Əliyevin Ermənistan təmsilçiləri üzərində qələbələrə diqqət çəkdiyini də xatırladıb. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindəki qələbədən sonra komandasının üzvləri ermənilərə qarşı daha böyük ruh yüksəkliyi ilə mübarizə aparırlar: "Əvvəllər torpaqlarımız işğal altında idi. Sevindiricidir ki, iki ildir yarışlara qalib ölkə kimi qatılır və çoxunda uğur qazanırıq. Məsələn, son Avropa çempionatında üç güləşçimiz ermənilərlə üz-üzə gəldi. 65 kq-da Zirəddin Bayramov finalda Qraçya Marqaryan üzərində çox mühüm qələbə qazandı və çempion oldu. 74 kq-da Cəbrayıl Hacıyev 1/8 finalda Menua Yaribekyanı, 125 kq-da isə Aydın Əhmədov Hovannes Mağakyanı məğlub etdi. Əvvəllər döşək üzərinə başqa əhval-ruhiyyə ilə çıxırdıq. İndi isə qalib ölkə təmsilçiləri kimi ruh yüksəkliyi ilə mübarizə aparırıq".

Bununla yanaşı, məşqçi ermənilərlə görüşlər zamanı idman prinsiplərinə əməl olunduğunu vurğulayıb: "Bu, idmandır. İstər-istəməz ermənilərlə qarşılaşmalar da olur. Döşəyə çıxanda bir-birilərinin əllərini sıxırlar. Amma kənarda hərə öz fikrində qalır. Biz qalib, Ermənistan isə məğlub dövlətdir".

Son xəbərlər

Orphus sistemi