Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyevin rəhbərliyi ilə iclas keçirilib.
Federasiyadan "Report"a verilən məlumata görə, iclasda yığma komandaların baş məşqçiləri iştirak edib.
Görüşdə əvvəlcə dekabrda Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunun nəticələri müzakirə olunub və baş məşqçilərin hesabatı dinlənilib.
Daha sonra 2021-ci ilin təqvim planında yer alan təlim-məşq toplanışları, yarışlar, o cümlədən Avropa və Dünya Olimpiya Təsnifat turnirlərinə hazırlıq prosesləri geniş müzakirə olunub.
Təqvim planı ilə bağlı təkliflərini səsləndirən və tapşırıqlarını verən AGF-nin prezident əvəzi Namiq Əliyev lisenziya yarışlarına maksimum səviyyədə hazırlıq üçün bütün zəruri tədbirlərin görüləcəyini və lazım olan şəraitin yaradılacağını bildirib.