Bu gün Tokio olimpiadasının açılış mərasimi keçiriləcək

Bu gün Tokio olimpiadasının açılış mərasimi keçiriləcək Bu gün Yaponiyanın paytaxtı Tokioda 2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.
Fərdi
23 İyul , 2021 07:30
Bu gün Tokio olimpiadasının açılış mərasimi keçiriləcək

Bu gün Yaponiyanın paytaxtı Tokioda Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.

"Report"un məlumatına görə, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Koronavirus pandemiyası səbəbindən ötən il təxirə salınmış Oyunlar sayca XXXII olacaq.

Oyunlarda 206 ölkədən ümumilikdə 11 000-dən çox idmançı qüvvəsini sınayacaq. "Discover Tomorrow" ("Sabahı kəşf et") şüarı ilə təşkil olunacaq olimpiadanın açılışı Yaponiya Milli Stadionunda baş tutacaq.

Mövcud vəziyyətlə əlaqədar ilk dəfə azarkeşsiz keçiriləcək Oyunlarda hər bir idman növü üzrə yarışlar zamanı əvvəlki olimpiadaların səsli müşayiətindən istifadə olunacaq. Yarışlar 41 fərqli idman obyektində gerçəkləşəcək.

İdman dırmanması, karate, skeytbord və sörfinq ilk dəfə olimpiadanın proqramında yer alıb. Bundan başqa, softbol 2008-ci il Pekin olimpiadasından sonra yenidən Oyunlara daxil edilib. Yeri gəlmişkən, yarış iyulun 21-də softbol üzrə qadınlardan ibarət Yaponiya və Avstraliya yığmaları arasında oyunla start götürüb.

Tokio-2020-nin maskotunu məktəbli uşaqlar seçiblər. Seçim prosesi 16 769 məktəb və 205 755 sinfin iştirakı ilə keçirilib. Maskotun adı "Miraitowa", yəni "Gələcək və sonsuzluq"dur. Bu ad insanların qəlbində gələcəyə sonsuz ümidi ifadə edir.

Olimpiadada 36 idman növü üzrə ümumilikdə 339 dəst medal sahibini tapacaq. Diametri 60 millimetr, qalınlığı isə 3 millimetr olan medallar təkrar istehsal əsasında hazırlanıb. Onun bir üzündə italiyalı rəssam Qassolinin çəkdiyi "Zəfər tanrı"sı, digər tərəfində isə təşkilatçı ölkənin emblemi həkk olunub.

Oyunlarda ilk dəfə kişi və qadın olmaqla, iki bayraqdar olacaq. Azərbaycan yığmasında bu funksiyanı cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova yerinə yetirəcək.

Tokio olimpiadasında Azərbaycanı ümumilikdə 44 idmançı təmsil edəcək. Lisenziyaların 9-u cüdo, 7-si güləş, 5-i bədii gimnastikanın qrup hərəkətləri üzrə komanda, 1-i fərdi çövnövçülük, 5-i boks, 3-ü karate, 2-si atletika, 2-si üzgüçülük, 2-si taekvondo, 2-si idman gimnastikası, 1-i güllə atıcılığı, 1-i şosse velosipedi, 1-i qılıncoynatma, 1-i badminton, 1-i triatlon, 1-i stend atıcılığı (vayld-kart) növlərində qazanılıb:

1. Anna Skidan (Atletika - çəkicatma)
2. Maksim Şemberev (Üzgüçülük - 400 m qarışıq)
3. Mariya Stadnik (Qadın güləşi - 50 kq)
4. Şərif Şərifov (Sərbəst güləş - 97 kq)
5. Zöhrə Ağamirova (Bədii gimnastika - çoxnövçülük)
6. Yelizaveta Luzan (Bədii gimnastika - qrup çoxnövçülük)
7. Darya Sorokina (Bədii gimnastika - qrup çoxnövçülük)
8. Məryam Səfərova (Bədii gimnastika - qrup çoxnövçülük)
9. Ləman Əlimuradova (Bədii gimnastika - qrup çoxnövçülük)
10. Zeynab Hummatova (Bədii gimnastika - qrup çoxnövçülük)
11. Marina Nekrasova (İdman gimnastikası - qadınlar çoxnövçülük)
12. İvan Tixonov (İdman gimnastikası - kişilər çoxnövçülük)
13. Ruslan Lunyov (Güllə atıcılığı - 25 m məsafəyə kiçikçaplı tapançadan atəş açma)
14. Elçin Əsədov (Velosiped idmanı - şosse)
15. Milad Beigi Hərçəqani (Taekvondo - 80 kq)
16. Nazim Babayev (Atletika - üç təkanla tullanma)
17. Tayfur Əliyev (Boks - 57 kq)
18. Hacı Əliyev (Sərbəst güləş - 65 kq)
19. Hacımurad Hacıyev (Sərbəst güləş - 74 kq)
20. İslam Abbasov (Yunan-Roma güləşi - 87 kq)
21. Anna Başta (Qılıncoynatma - sablya)
22. Elis Manolova (Qadın güləşi - 68 kq)
23. Rafiq Hüseynov (Yunan-Roma güləşi - 77 kq)
24. Fəridə Əzizova (Taekvondo - 67 kq)
25. Rafael Ağayev (Karate - 75 kq)
26. İrina Zaretska (Karate - +61 kq)
27. Edi Reski Dviçayo (Badminton)
28. Kəramət Hüseynov (Cüdo - 60 kq)
29. Orxan Səfərov (Cüdo - 66 kq)
30. Rüstəm Orucov (Cüdo - 73 kq)
31. Murad Fətiyev (Cüdo - 81 kq)
32. Məmmədəli Mehdiyev (Cüdo - 90 kq)
33. Zelim Kotsoyev (Cüdo - 100 kq)
34. Uşangi Kokauri (Cüdo - +100 kq)
35. Aişə Qurbanlı (Cüdo - 48 kq)
36. İrina Kindzerska (Cüdo - +78 kq)
37. Rostislav Pevtsov (Triatlon)
38. Cavid Çələbiyev (Boks - 63 kq)
39. Lorenso Sotomayor (Boks - 69 kq)
40. Alfonso Dominges (Boks - 81 kq)
41. Məhəmməd Abdullayev (Boks - +91 kq)
42. Firdovsi Farzaliyev (Karate - 67 kq)
43. Emin Cəfərov (Stend atıcılığı) - vayld kart
44. Məryəm Şeyxəlizadə Xanqan (Üzgüçülük) - universal vəsiqə.

Yarışda Azərbaycan təmsilçiləri arasında ən tez (24 iyul) boksçular, cüdoçular, şosse velosipedi, idman gimnastikası, badminton və üzgüçülük növü üzrə idmançılar mübarizəyə başlayacaqlar.

Qeyd edək ki, Tokio olimpiadasına avqustun 8-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi