"Dünyaya əla və eksklüziv Oyunlar bəxş etmək Çin hökumətinin hədəfidir".
Bunu "Report"a eksklüziv açıqlamasında Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfir Qo Min Pekində keçiriləcək Qış Olimpiya Oyunları ilə bağlı danışarkən deyib.
O, Pekində 14 ildən sonra yenidən olimpiya məşəli yandırılacağını xatırladıb: "Ölkə rəhbərliyi səviyyəsində lazımi addımlar atılıb. Hazırlıq prosesində Çin bütün dünyadan, o cümlədən, Azərbaycandan dəstək alıb".
Qo Min Azərbaycanın idman dövləti olduğunu vurğulayıb: "Ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında idman sahəsi inkişaf edir. O cümlədən, qış idman növlərinin inkişafı istiqamətində işlər görülür. Pekin-2022-də Azərbaycanı təmsil edəcək idmançılara uğurlar arzulayıram. Çin hökuməti Pekin olimpiadasından idman sahəsində əməkdaşlıq üçün istifadə etməyə, iki ölkə arasında əlaqələri daha yüksək səviyyəyə qaldırmağa hazırdır. Biz Azərbaycan nümayəndə heyətini Qış Olimpiya Oyunlarında iştirakı ilə əlaqədar salamlayırıq".
Səfir bir neçə ölkənin Oyunları diplomatik boykot etməsinə də münasibət bildirib: "Diplomatik boykot əsla düzgün deyil. Bu, ilk növbədə, olimpiya təntənəsidir. Bizə olimpiya ruhunu göstərmək, xüsusən, pandemiya fonunda həmrəylik lazımdır. Bu baxımdan, yardım və dəstəyinə görə Azərbaycan hökumətinə çox minnətdarıq. Azərbaycan nümayəndə heyəti və idmançılarına Pekin-2022-də öncədən böyük uğurlar arzulayırıq. Bir sözlə, biz bütün dünyadan qonaqları qəbul etməyə tam hazırıq və bütün dünyanın gözləntilərini doğruldacağıq. Ümidvaram ki, olimpiadanı izləyəcəksiniz. Biz isə sizinlə gələcək əməkdaşlığa ümid edirik".
Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunları 4 - 20 fevralda keçiriləcək. Azərbaycanın fiqurlu konkisürənləri Vladimir Litvintsev və Yekaterina Ryabova olimpiadaya lisenziya qazanıb.