Çingiz Hüseynzadə WAKO prezidentini qəbul etdi

Çingiz Hüseynzadə WAKO prezidentini qəbul etdi Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Bakıda işgüzar səfərdə olan Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Roy Beykeri qəbul edib
Fərdi
21 May , 2021 19:35
Çingiz Hüseynzadə WAKO prezidentini qəbul etdi

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Bakıda işgüzar səfərdə olan Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Roy Beykeri qəbul edib.

MOK-un mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qonağı salamlayan Ç.Hüseynzadə Azərbaycanda kikboksinqə böyük maraq olduğunu bildirib.

“MOK-un prezidenti, dövlət başçısı İlham Əliyev qeyri-olimpiya növlərinə də diqqət göstərilməsini vacib hesab edir və təbliğati istiqamətdə fəaliyyət göstərməkdə maraqlıyıq” deyən qurum rəsmisi ölkə rəhbərinin yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə xüsusi mükafatlar təqdim etdiyini xatırladıb və onlar arasında xeyli kikboksinqçinin də olduğunu vurğulayıb: “Biz kikboksinqin Yay Olimpiya Oyunlarının idman proqramına salınmasını istərdik. Çünki ölkəmizdə idmanın inkişafına töhfə verən idmançılar arasında kikboksinqçilər də var”.

Ç.Hüseynzadə Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına salınan karate idman növündən də bəhs edib: “İlk dəfədir ki, karate olimpiadanın proqramına salınıb. Bu, bizi sevindirir. Çünki Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən və dünya miqyasında tanınan karateçilərimiz Tokioya medal üçün gedirlər”.

Səmimi görüşə görə təşəkkürünü bildirən R.Beyker Azərbaycan idmançılarının istər kikboksinq, istərsə də digər döyüş idman növlərində mütəmadi qazandıqları uğurların digər ölkələrə nümunə olduğunu bildirib. O təmsil etdiyi növün idman fəslsəfəsinə yenilik qatdığını da bildirib: “Kikboksinq yıxılmağı və ayağa qalxmağı öyrədir. Bizdə qalibiyyət qədər məğlubiyyətdən sonra davam etməyin mümkünlüyü də təlqin olunur".

Kikboksinqin gənc nəslin marağına səbəb olduğunu bildirən WAKO prezidenti bu idman növünün qadınlar arasında populyar olduğunu da vurğulayıb: “Karatedə qadınların iştirakı 27%, boksda cəmi 12%-dirsə, kikboksinqdə bu göstərici 34%-ə çatır ki, bu da bizi sevindirir. Kikboksinq ən çox tədbir keçirən və ən çox üzvü olan idman növlərindən biridir. Hər il kikboksinq üzrə 1300 tədbir keçirilir, dünya üzrə üzvlərimizin sayı isə 5,2 milyona çatır".

Görüşün sonunda Ç.Hüseynzadə R.Beykerə MOK-un hədiyyələrini təqdim edib, xatirə şəkilləri çəkilib.

Son xəbərlər

Orphus sistemi