Polşanın paytaxtı Varşavada şahmatın rapid növü üzrə dünya çempionatına yekun vurulub.
"Report"un məlumatına görə, yarışda Azərbaycanı ümumilikdə 12 qrossmeyster təmsil edib.
Kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Məhəmməd Muradlı, Aydın Süleymanlı və Xəzər Babazadə qüvvəsini sınayıb. Onların arasında ən yaxşı nəticəni Məmmədyarov göstərib. 36 yaşlı qrossmeyster 9 xalla səkkizinci olub. Məmmədov (7 xal) 76-cı, Muradlı (6,5 xal) 91-ci, Babazadə (6 xal) 109-cu, Durarbəyli (6 xal) 118-ci, Süleymanlı (5,5 xal) 128-ci, Əsədli (2,5 xal) 169-cu yeri tutub.
Qadınlardan isə dünya çempionatında Zeynəb Məmmədyarova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova və Türkan Məmmədyarova mübarizə aparıb. Burada isə ən yaxşı nəticəyə 7,5 xalla 12-ci olan G.Məmmədova imza atıb.
Qeyd edək ki, dünya çempionatının ümumi mükafat fondu 500 000 ABŞ dolları təşkil edir. Kişilərin yarışında qalib 60 000 ABŞ dolları, qadınların mübarizəsində ilk yeri tutan şahmatçı isə 40 000 dollar qazanacaq. Dekabrın 29-da blits yarışlarına start veriləcək.