"Bu böyük sevinci bizə yaşatdıqları üçün Ali Baş Komandanımıza, hərbçilərimizə eşq olsun. Hər birimiz qələbəyə görə səmimi qəlbdən sevinirik. 27 illik həsrətə son qoyuldu. Bundan böyük sevinc, fəxr ediləsi hadisə olmayıb".
Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Güləş Federasiyasının (AGF) yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov Ağdam rayonunun erməni işğalından tamamilə azad olunması ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
Əslən Ağdamdan olan federasiya rəsmisi mənfur düşmənlərimizin bölgədə törətdiyi vəhşiliklərdən söz açıb: "Hamımız gördük ki, bu vandallar işğal altındakı rayonları nə günə qoyublar. Dünyanın heç bir yerində qəbul olunmamış əməllər törədiblər. Məscidlər, tarixi abidələr bərbad gündədir. İnanıram ki, bunlar layiqli cavabını alacaq. Artıq dünya da erməniləri tanıyıb. Ərazini zəbt edirsənsə, gərək, orada iş görəsən, islahat aparasan. Bunlar ancaq özləri üçün səngərlər, keçilməz yerlər qazıblar. Müharibə üçün hazırlıq görülüb. Ermənilər həmin yerləri yaşamaq üçün işğal etməmişdi. Bilirdilər ki, torpağın əsl sahibi nə vaxtsa öz yurduna qayıdacaq. Ona görə oraları xaraba qoyublar".
E.Cəfərov Ağdamın Xirosimanı xatırlatdığını söyləyib: "Rayona sanki atom bombası atıblar. Görün, Abdal və Gülablı kəndlərini, şəhərin mərkəzini nə günə qoyublar. İşğaldan azad olunmuş digər rayonlar da bu gündədir. Lazım olan yerləri guya özləri üçün götürüblər, digərlərini isə xaraba vəziyyətinə salıblar ki, orada yaşayış olmasın. Bunlar sırf işğalçılıq niyyəti ilə o yerləri tutmuşdular. Orada yaşamayacaqsansa, niyə bu qədər camaatı öz yurdundan etdin"?
Vitse-prezident işğaldan azad edilən ərazilərin yenidən çiçəklənəcəyini vurğulayıb: "Bu günə şükür ki, məcburi köçkünlər 27-28 ildən sonra öz evlərinə qayıdacaqlar. Təbii ki, Cənab Prezidentimizin rəhbərliyi altında oralarda yenidən evlər tikiləcək, infrastruktur qurulacaq, hər rayonunun özünə uyğun ictimai yerləri bərpa olunacaq".
Qeyd edək ki, Ağdam rayonu erməni işğalından noyabrın 20-də tamamilə azad olunub.