Azərbaycan Peşəkar Boks Federasiyası erməni boksçu Oqanes Baçkovun döyüş zamanı rinqdə etdiyi separatçı hərəkətlərlə əlaqədar yarışın təşkilatçılarına müraciət ünvanlayıb.
Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova məlumat verib.
Baçkov rinqə qondarma “Dağlıq Qarabağ respublikası”nın "mahnı"sı ilə çıxıb, sonda isə üzərində qondarma rejimin "xəritə"si olan köynək geyinib.
Azərbaycan Peşəkar Boks Federasiyasının birinci vitse-prezidenti Fərhad Acalov "Report"a açıqlamasında məsələ ilə bağlı araşdırma apardıqlarını söyləyib.
Onun sözlərinə görə, sözügedən döyüş gecəsi oktyabrın 9-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində gerçəkləşib: "Turnir "D4G promotion" və "MTK Global Promotion" ilə birgə təşkil olunub. Bu məsələ ilə bağlı onlara müraciət edilib".
Qeyd edək ki, Oqanes Baçkov venesuelalı Samuel Qonsaleslə döyüşə Ermənistan bayrağı ilə çıxıb, lakin qələbə qazandıqdan sonra qondarma “Dağlıq Qarabağ respublikası”nın "xəritə"si olan köynək geyinib.