“İnanıram ki, növbəti yarışlarda iştirakçı ölkələrin sayı daha çox olacaq”.
Bu sözləri “Report”a açıqlamasında Avarçəkmə üzrə “Mingəçevir Reqatası”nın rəsmi açılış mərasimdə iştirak edən gənclər və idman naziri Fərid Qayıbov deyib.
Nazir bildirib ki, may ayında işğaldan azad olunmuş Qarabağ torpaqlarında ilk beynəlxalq yarış keçirilmişdi: “Bugünkü turnir isə tarixi Azərbaycan torpaqlarında növbəti idman bayramıdır. Bu münasibətlə hamınızı təbrik edirəm. Beş aydan sonra yenidən Suqovuşanda avarçəkmə, kanoe və kayak yarışları keçiririk. O zaman turnirdə 5 ölkə iştirak edirdisə, bu gün artıq 13 ölkə təşrif buyurub”.
Fərid Qayıbov qeyd edib ki, iştirakçı komandaların sayının artması inkişafa səbəb olur: “Artıq bu yarış beynəlxalq təqvimə də salınıb. Bütün bunlar cənab prezidentin tapşırığı ilə Qarabağda aparılan sürətli quruculuq işlərinin nəticəsidir. Sevinirik ki, idmançılar da bu prosesdə iştirak edir, inkişafa öz töhfələrini verirlər”.
İşğaldan azad olunmuş ərazilərdə növbəti idman yarışlarının keçirilməsi ilə bağlı da danışan nazir qeyd edib ki, bununla bağlı planlar var: “Bildiyiniz kimi, Şuşada şahmat yarışı təşkil etdik, Velosiped turniri keçirdik, Suqovuşanda artıq ikinci yarışdır. Yeni beynəlxalq yarışların da keçirilməsi nəzərdə tutulub. Bununla bağlı federasiyalarla müzakirələr edirik”.