FIDE Qran-prisi: Şəhriyar Məmmədyarov növbəti görüşünü keçirəcək

FIDE Qran-prisi: Şəhriyar Məmmədyarov növbəti görüşünü keçirəcək Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FIDE Qran-prisinin III mərhələsində bu gün növbəti görüşünü keçirəcək.
Fərdi
25 Mart , 2022 09:31
FIDE Qran-prisi: Şəhriyar Məmmədyarov növbəti görüşünü keçirəcək

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FIDE Qran-prisinin III mərhələsində bu gün növbəti görüşünü keçirəcək.

"Report"un məlumatına görə, reytinq favoritlərindən olan 37 yaşlı qrossmeyster IV turda ağ fiqurlarla almaniyalı Vinsent Kaymerlə üz-üzə gələcək.

B qrupunun digər görüşündə rusiyalı Daniil Dubov ABŞ-dan olan Lenyer Domingeslə qarşılaşacaq. Məmmədyarov ilk turda Kaymerlə, daha sonra isə Dubov və Domingeslə heç-heçə edib. Hazırda Dominges və Kaymer hərəyə 2 xalla qrupun liderləridir. Məmmədyarovun 1,5 xalı, Dubovun 0,5 xalı var.

Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.

Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.

Qeyd edək ki, FIDE Qran-prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqraddakı II mərhələdə D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.

Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.

Son xəbərlər

Orphus sistemi