Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
"Report" FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın 1 təmsilçisi yer alıb.
Teymur Rəcəbov 2 763 xalla 10-cu sıradakı mövqeyini qoruyub. Şəhriyar Məmmədyarov isə 5 pillə geriləyərək, "onluğ"u tərk edib. O, hazırda 2762 xalla 11-cidir.
Qədir Hüseynov (2 665) 3 pillə irəliləyərək, 69-cu sıraya yüksəlib. 2 654 xalı olan Rauf Məmmədov isə 2 pilləlik sıçrayışla 89-cu yerə yüksəlib. 6 pillə geriləyən Nicat Abbasov (2652) 93-cü sırada qərarlaşıb.
Siyahıda ilk “üçlük” dəyişməyib. Norveçli dünya çempionu Maqnus Karlsen (2 855) birinci, Fabiano Karuana (ABŞ, 2 800) ikinci, Dinq Liren (Çin, 2 799) üçüncüdür.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2 459) 1 pillə irələləyib və 25-cı sırada yer alıb. Gülnar Məmmədova (2 395) 68-ci, Xanım Balacayeva (2 369) isə 92-cidir.