Hande Harmancı ADBTİA-nın layihələri ilə tanış oldu

Hande Harmancı ADBTİA-nın layihələri ilə tanış oldu O, akademiyanın rəhbərliyi ilə görüşüb
Fərdi
2 Mart , 2021 17:45
Hande Harmancı ADBTİA-nın layihələri ilə tanış oldu

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi - ölkə ofisinin rəhbəri Hande Harmancı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) qonağı olub.

ADBTİA-nın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əvvəlcə Harmancı akademiyada son illər həyata keçirilən islahatlarla, o cümlədən London Kollec Universiteti (UCL) ilə əməkdaşlıqda həkimlərin ixtisaslaşması üçün təsis edilmiş “İdman tibbi və reabilitasiya” ingilisdilli magistratura proqramı ilə tanış edilib.

Həmçinin Harmancı hazırda İkinci Qarabağ Müharibəsinin 60-dək qazisinin reabilitasiyasının aparıldığı Elmi-Tədris Laboratoriyasını və müxtəlif layihələrin həyata keçirildiyi Multimedia Mərkəzini ziyarət edib.

Daha sonra o, akademiyanın rəhbərliyi ilə görüşüb. Görüşdə doktor Harmancı Azərbaycan Hökumətinin ÜST ilə razılaşması çərçivəsində Köməkçi Texnologiyalar - təkərli oturacaqlar, eşitmə cihazları, protezlər, eynəklər və s. Sektorunun Gücləndirilməsi layihəsi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, bu layihə prioritet köməkçi vasitələrin milli siyahısının hazırlanmasında Azərbaycana texniki dəstək göstərəcək. Layihə çərçivəsində keçiriləcək “Köməkçi texnologiyaların sürətli qiymətləndirməsi” sorğusu (rATA, rapid Assistive Technology Assessment survey) əhalinin köməkçi texnologiyalardan istifadəsi ilə bağlı mövcud vəziyyəti qiymətləndirməyə imkan verəcək.

Ölkədə ali təhsil müəssisəsi səviyyəsində daxili və xarici tədqiqat layihələrinin ekspertizasını həyata keçirən yeganə etik komitə kimi ADBTİA-nın Bioetika Komitəsi həmin layihəyə baxaraq, müsbət rəy verilib. Harmancı layihəyə göstərilən dəstəyə görə ADBTİA-ya təşəkkürünü bildirib.

ADBTİA-nın dəstəyini, reabilitasiya sahəsində mütəxəssislər hazırlamasını və elmi işlər aparmasını nəzərə alaraq, Harmancı akademiyanı layihənin həyata keçirilməsində iştiraka dəvət edib.

Söhbət zamanı rektor Fuad Hacıyev ÜST ilə əməkdaşlığın inkişafından məmnunluğun olduğunu və çox əhəmiyyətli layihəyə töhfə verməkdən qürur duyduğunu bildirib.

Görüşdə ÜST ilə ADBTİA arasında layihə üzrə əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi