"Ən çətin görüşüm finalda oldu. Buna baxmayaraq, qızıl medal qazandım. Çox sevincliyəm".
"Report"un Rusiyanın Kazan şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu I MDB Oyunlarında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) deyib.
Finalda qazaxıstanlı Qoşqar Məhəmmədə qalib gələn idmançı rəqibin qaydalar çərçivəsində güləşmədiyini bildirib: "Nə etmək olar? Qaydalardan kənara çıxa bilməzdim. Özümü yaxşı tərəfdən göstərib, çempion oldum".
O, qızıl medal uğrunda qarşılaşmada hakim ədalətsizliyi ilə üzləşdiyini söyləyib: "Birinci fəndim döşəyin içində olduğu üçün 4 xallıq idi. İkinci fənd isə döşəkdən kənarda oldu. Əslində o da 4 xalla qiymətləndirilməli idi. Amma hakimlər 2 xal verdi".
Bir neçə gün öncə Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatının qalibi olduğunu xatırladan Cəfərov Məhəmmədlə ilk dəfə üz-üzə gəldiyini deyib: "O, mənim finalda udduğum rəqibə uduzmuşdu. Mən də bunu gözləyirdim ki, açılış mərasimində bayrağımızı çempion kimi daşıyım. Allah mənə bunu nəsib etdi".
Qeyd edək ki, I MDB Oyunlarının açılış məraismi sentyabrın 4-də olacaq.