İlqar Rəhimov: "Ali Baş Komandanın rəhbərliyi ilə qələbə nöqtəsini qoymalıyıq"

İlqar Rəhimov: "Ali Baş Komandanın rəhbərliyi ilə qələbə nöqtəsini qoymalıyıq" Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun "Report"a müsahibəsi
Fərdi
5 Oktyabr , 2020 15:19
İlqar Rəhimov: Ali Baş Komandanın rəhbərliyi ilə qələbə nöqtəsini qoymalıyıq
İlqar Rəhimov

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimovun "Report"a müsahibəsi
 
- Bütün Azərbaycan xalqının ürəyi Qarabağda Ordumuzla döyünür. Cəbhədən sevindirici xəbərlər gəlməkdə davam edir. Sizin bu hadisələrlə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
 
- Azərbaycan vətəndaşı, burada böyüyüb boya-başa çatmış biri kimi qürur hiss keçirirəm. Nəinki mən, bütün ailəm, qohumlarım, tanıdığım, birgə çalışdığım insanların hamısı buna sevinir. Çoxdandır gözlədiyimiz haqq-ədalət işi uğrunda savaşa başlamışıq. Düzdür, uzun müddət cənab Prezidentin rəhbərliyi altında sülh danışıqları aparıldı. 30 ilə yaxındır bu məsələ müzakirə olunur. Çox istərdik ki, hər şey sülh yolu ilə həll olunsun. Tələbimiz, istəyimiz bu idi. Amma təəssüflər olsun ki, 30 ildə bu işin ətrafında toplaşan, guya yardım edən, bizə yol göstərən insanlar heç bir iş görmədilər. Sadəcə, işi uzatdılar. Cənab Prezident tamamilə doğru qərar verdi ki, biz öz haqqımızı tələb etməliyik. Beləliklə, Azərbaycan tarixi torpaqlarımızın düşmənlərdən azad edilməsi, məcburi köçkünlərin ora qaytarılması uğrunda Böyük Vətən Müharibəsinə başladı. Bir sözlə, Azərbaycan haqq yolundadır, öz haqqını tələb edir, ədalətli müharibə aparır. Görürsünüz ki, müharibənin gedişində də Ali Baş Komandanımızın tapşırığı ilə bütün hərəkətlər, döyüşlər, orada istifadə olunan elementlər müharibəyə aid olan elementlərdir. Bizim əhali ilə işimiz yoxdur. İşimiz orada olan, torpağımızı zəbt etmiş erməni hərbçilərlədir. Təbii ki, erməni əhalisinə də müraciət olunur. Müharibədə hər şey ola bilər. Onlar başa düşməlidirlər ki, hamısı həmin ərazilərdən çıxmalıdır. Hamımız Ali Baş Komandanımıza təşəkkür edirik. Bir daha təkrar edirəm ki, tamamilə doğru qərar qəbul edib. Sentyabrın 27-dən qenişmiqyaslı əks-hücüma başlanıb. Görürük ki, Azərbaycan haqq yolunda düzgün irəliləyir. Getdikcə kəndlərimiz, şəhərlərimiz azad olunur. Əminəm ki, qısa müddət ərzində Azərbaycanın Şanlı Ordusu qarşıya qoyulan vəzifəni yerinə yetirəcək.
 
- Ərazilərin düşmən işğalından azad olunması ilə bağlı şad xəbərləri Cənab Prezident İlham Əliyev özü şəxsən sosial şəbəkə hesabından paylaşır. Həmin xəbərləri eşidəndə, görəndə hər kəs sevinc, qürur hissi keçirir. Siz həmin anlardakı hisslərinizi necə ifadə edərdiniz?
- Bu xəbərləri eşidəndə adam çox böyük həyəcan keçirir. Kişi olmağımıza, müharibə aparmağımıza baxmayaraq, gözümüz yaşarır. Həmin xəbərləri adi qarşılamaq mümkün deyil. Dünən bazar günü idi, ailəlikcə evdə oturmuşduq. Cənab Prezident Cəbrayıl şəhərinin azad olunması ilə bağlı şad xəbəri verəndə sevincimizin həddi-hüdudu yox idi. Eyni zamanda, bu ərəfədə Cənab Prezidentin fəaliyyəti hər bir Azərbaycan vətəndaşını ruhlandırır. Yorulmadan, gecə-gündüz çalışır, xarici mətbuata müsahibə verir, beynəlxalq təşkilatlarla, digər ölkələrin prezidentləri ilə telefon əlaqəsi yaradır, vəziyyəti izah edir. Cənab Prezident bu yolla Azərbaycanın haqq işini bütün dünyaya çatdırır. İzah edir ki, biz müharibəni elə-belə başlamamışıq, kim müharibənin dayanmasını istəyirsə, bunun bir şərti var: erməni qoşunları həmin ərazilərdən çıxarılmalıdır. Ondan sonra savaşı dayandıra bilərik. Cənab Prezidentin komandası da çox ciddi şəkildə fəaliyyət göstərir.


 
- Azərbaycanın hər bir vətəndaşı çalışdığı sahədən asılı olmayaraq, bu yolda dövlətə, Orduya dəstək nümayiş etdirir. Bu sırada müxtəlif idman təşkilatları, eləcə də MPK var. Bu yaxınlarda paralimpiya çempionları dünya ictimaiyyətinə müraciət ünvanlayıb. Bu istiqamətdə daha hansı işlər görülür və ya nəzərdə tutulub?
- MPK olaraq bu işlərdən kənarda qala bilmərik. Biz də Azərbaycanın oğul-qızlarıyıq, Azərbaycan həqiqətlərini bilən təşkilatıq. Təbii ki, bu istiqamətdə bəzi addımlar atırıq. Bilirsiniz ki, 7 paralimpiya çempionumuz var. Onlar dünyada tanınmış, hörmətə layiq insanlardır. Hesab etdik ki, onların haqq səsi dünya ictimaiyyətinə daha tez çatar. Dünya ictimaiyyəti hörmət etdiyi şəxslərin haqq səsini daha tez duya bilər. Beləliklə, çempionlarımız yığışdılar və qərar qəbul etdilər ki, Azərbaycanın haqq səsini eşitdirmək üçün müraciət etsinlər. Bu müraciət həm yerli, həm də xarici mətbuatda yayımlandı və yaxşı reaksiyalar oldu. Yəqin ki, Azərbaycanın haqq səsini eşidənlər özləri üçün müəyyən nəticə çıxara biləcəklər. Baş verənlərlə bağlı təsəvvür yaranacaq. İkinci məsələ ondan ibarətdir ki, digər təşkilatlar kimi biz də Ordumuza yardım edirik. Birincisi, bu gün Paralimpiya Komitəsi rəhbərliyinin 1 aylıq maaşını Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcəyik. Eyni zamanda, işçilərimiz cəbhəyanı rayonlara səfər edirlər. Dünən baş katib Kamal Məmmədovu, müşavirim İlham Orucovu oraya göndərmişdim. Gedəndə özləri ilə yardım da aparmışdılar. Bunları reklam etmirik. Hamısı ürəyimizdən gələn məsələlərdir. Həmçinin onların orada gördükləri mənzərəyə münasibət bildirmək istəyirəm. Cəbhə xəttinə xeyli sayda insan gedir. Düzdür, ürəkləri istədiyi üçün yollanırlar. Amma insanlarımız başa düşməlidir ki, hazırda hərbi vəziyyət şəraitində yaşayırıq. Bu gün hər bir Azərbaycan vətəndaşı elə etməlidir ki, nizamlı Ordumuza maneçilik törətməsin. Ordumuz öz vəzifəsini yerinə yetirir. İnsanların oraya getmələri, əl-ayağa dolaşmaları, yolları bağlamaları yaxşı hal deyil. Belədə hərbi texnikanın hərəkətinə maneçilik törədirlər. Düşünürəm ki, belə hallara son qoyulmalıdır. Kömək etmək istəyiriksə, ilk növbədə, mane olmamlıyıq. Hər şeyin bir qaydası var. Yardım çatdırmaq, pul köçürmək istəyirsinizsə, bunun üçün xüsusi yerlər var. Biz oraya gedib boş-boş gəzməyin tərəfdarı deyilik. Əhali bunu başa düşməlidir. Eyni zamanda, onu demək istərdim ki, bu gün bizim insanlar tamamilə ayrı təfəkkürə malikdir, xüsusi iradə nümayiş etdirirlər. Cənab Prezidentin əhaliyə müraciətləri çox yüksək qiymətləndirilir. Elə müraciətdən sonra inanmıram ki, kimsə silah altına getməyə hazır olmasın. Fərqi yoxdur: istər qadın, istər kişi olsun. Azərbaycan Prezidenti belə savadlı, məntiqli müraciət edirsə, deməli, biz bu çağırışa cavab verməliyik. Azərbaycan əhalisi olaraq, Ali Baş Komandanın rəhbərliyi altında qələbə nöqtəsini qoymalı və torpaqları işğaldan azad etməliyik.

 
- Müharibə başladıqdan sonra Ermənistan müxtəlif təbəqədən olan insanları sərsəm fikirlər səsləndirirlər. Onlardan biri də hazırda İtaliyanın "Roma" klubunda çıxış edən Henrik Mxitaryandır. İdmanın içində olan bir şəxs kimi bu cür adamlara nə cavab verərdiniz? 
- Mxitaryanın sərsəm danışığına görə artıq bir neçə dəfə cavab veriblər. O, tək deyil. Bütün mətbuatı izləməyə çalışırıq. Bu gün ermənilər yeni informasiya müharibəsinə başlayıb. Olmayan şeyləri, özlərindən uydurduqları fantastik fikirləri mətbuatda paylaşır, Azərbaycanın haqq hərəkatına, Ordusuna ləkə gətirmək istəyirlər. Azərbaycanın rayonlarının, şəhərlərinin yalandan boşaldıldığını iddia edirlər. Hesab edirəm ki, bu, artıq onların son nəfəsləridir. Başqa sübut, dəlil tapa bilmir və yalan söhbətlər yayırlar. Biz bu cür hallara fikir verməməliyik. Mxitaryan kimi birinə cavab versək, bu, onun üçün şərəf olar. Qoy, o, özü üçün danışsın, biz işimizi görək. Sonda görəcək ki, haqq kimin tərəfindədir və ədalət necə bərpa olunur.
 
- Sonda Azərbaycan Ordusuna, əsgərlərimizə nə demək istərdiniz?
- MPK olaraq, əsgərlərimizə daim müraciət edirik. Hamısına təşəkkürümüzü bildiririk. Möhkəm olsunlar. Əminik ki, Şanlı Ordumuz Cənab Prezidentin rəhbərliyi altında qələbə çalacaq. Hamısını öpürük, salam söyləyirik.

Son xəbərlər

Orphus sistemi