Beynəlxalq Olimpiya Komitəsinin (IOC) İcraiyyə Komitəsi yetkinlik yaşına çatmayan idmançıların Olimpiya Oyunlarında iştirak məsələsini müzakirə etməyə başlayıb.
"Report"un məlumatına görə, bu barədə IOC-un prezidenti Tomas Bax mətbuat konfransında bildirib.
69 yaşlı funksioner bir sıra məsələlərin həll edilməli olduğunu söyləyib: "Bu, böyüklərin yarışlarında azyaşlıların probleminə aiddir. İcraiyyə Komitəsi bu barədə düşünməyə başlayıb. Bu, ciddi müzakirə və məsləhətləşmə tələb edir".
Baxın sözlərinə görə, məsələnin müzakirəsinə Ümumdünya Antidopinq Agentliyi ilə yanaşı, beynəlxalq və milli federasiyaların nümayəndələri cəlb edilməlidir: "Oyunlarda iştiak üçün minimum yaş həddinin artırılması ilə bağlı qərarı federasiyaların nümayəndələri qəbul etməlidir. Biz belə müzakirəyə başlayacağıq. Onlara bu yöndə düşünmək üçün istiqamət verəcəyik".