İranın cüdo üzrə dünya çempionu Səid Mollayi Böyük Dəbilqə yarışına qatılmaq üçün İsrailə gəlib.
“Report” “newsru”ya istinadən xəbər verir ki, 29 yaşlı idmançı paytaxt Təl-Əvivə endikdən sonra hoteldə karantinə alınıb. O, Beynəlxalq Cüdo Federasiyasının razılığı ilə Monqolustanı təmsil edəcək.
Mollayi İran yığmasında ikən Bakıda 2017-ci ildə keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında və 2018-ci il dünya çempionatında 81 kq çəki dərəcəsində qızıl medal qazanıb. Onun Azərbaycan millisində çıxış edəcəyinə dair xəbərlər yayılmışdı.
Böyük Dəbilqədə 28 dünya və olimpiya çempionu da daxil olmaqla ümumilikdə 500-dən çox cüdoçu iştirak edəcək. Yarış 18 - 20 fevralda Təl-Əvivdə keçiriləcək.
Qeyd edək ki, Səid Mollayi 2019-cu il dünya çempionatının yarımfinalında ondan israilli Saqi Muki ilə görüşməməsi tələbinə görə İranı təmsil etməkdən imtina edib. Bundan sonra Mollayi İranı tərk edib. O, hazırda Almaniyada yaşayır və məşq edir.
Böyük Dəbilqədə Saqi Mukinin də iştirakı gözlənilir.