Karate üzrə yeniyetmə, gənclər və böyüklərdən ibarət Azərbaycan milli komandasının bir neçə üzvü martın 26-da start götürəcək 42-ci Qran-pri turniri üçün Slovakiyaya yollanıb.
Federasiyanın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, qadınların baş məşqçisi Denis Morozov, yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyevin rəhbərlik etdiyi heyətdə 11 idmançı yer alıb.
14-15 yaşlı yeniyetmələrin yarışında Veronika Qaşnikova (47 kq), 16-17 yaşlı qızlarda Aysu Əliyeva (53 kq), 21 yaşadək qızlar arasında Xumar Əlibəyova və Ayla Rzazadə (hər ikisi 61 kq) mübarizə aparacaq.
Fidan Teymurova, İnci Əzizova (hər ikisi 50 kq), İlahə Qasımova, Mədinə Sadiqova (hər ikisi 55 kq), Ayla Rzazadə, Renata Ərəbli (hər ikisi 61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68+ kq) isə qadınların çıxışlarına qatılacaq.
Beynəlxalq hakim Cahangir Babayev yarışları idarə edən referilər arasındadır.
Qeyd edək ki, Qran-pri martın 27-də başa çatacaq.