Ermənistan şahmatçısı Levon Aronyanın ölkədən getmək və ABŞ bayrağı altında çıxış etmək istəyi ilə bağlı yayılan xəbərlər yerli mətbuatda əsas müzakirə mövzusuna çevrilib.
"Report" "Mediaport"a istinadən xəbər verir ki, 39 yaşlı qrossmeysterin bu fikrə düşməsi Nikol Paşinyanın baş nazir olduğu ilk aylarda ona verdiyi vədlə əlaqəlidir.
İddiaya görə, Paşinyan şahmatçının qarşıdakı dünya çempionatı və İddiaçılar Turnirinə tam hazırlaşa bilməsi üçün supergüclü kompüter alınmasına və fərdi məşqçinin maliyyələşdirilmə məsələsini həll edəcəyinə söz versə də, buna əməl etməyib.
Aronyan hələlik yayılan məlumatlara münasibət bildirməyib. Amma o, xəbərləri təkzib də etməyib. Ermənistan Şahmat Federasiyasının vitse-prezidenti Smbat Loutyan "Svoboda" radiosuna açıqlamasında bildirib ki, təcrübəli qrossmeyster yaxın vaxtlarda bəyanatla çıxış edəcək.
Ermənistan mətbuatı vəziyyət haqqında daha dolğun təsəvvür əldə etmək üçün Aronyanla bağlı bəzi mümkün faktları xatırladıb: "2003-cü ilin sentyabrından 2004-cü ilin mayınadək Almaniyanın bayrağı altında çıxış edən şahmatçı 2004-cü ildə Ermənistan Şahmat Federasiyasının prezidenti seçilmiş, daha sonra isə müdafiə naziri olan Serj Sarkisyanın dəvəti ilə vətəninə qayıdıb. Çünki Aronyan ölkə prezidentliyinə namizəd olan Sarkisyan üçün dəyərli piar fiquru idi. Sarkisyan onun şahmatda qazandığı böyük uğurlardan öz reklamı üçün istifadə edirdi".
Nəşrin yazdığına görə, Aronyanın Ermənistanı tərk etmək istəyi hazırda da federasiya prezidenti vəzifəsini tutan Serj Sarkisyanı o qədər də narahat etmir. Üstəlik, əvvəlki rejim bu dəfə mövcud hakimiyyəti gözdən salmaq üçün yenidən məşhur qrossmeysterdən istifadə etməyə çalışır.
Bəzi məlumatlara görə, "Mediaport" telegram kanalını Serj Sarkisyanın kürəkəni Mikael Minasyan maliyyələşdirir. Aronyan və Paşinyan arasındakı mümkün ziddiyyətlər haqqında məlumatları da ilk olaraq məhz bu media kanalı yayıb. Yerli mətbuat iddia edir ki, Aronyanın hansı qərar qəbul etməsindən asılı olmayaraq, yaşananlar Ermənistanın ən yaxşı idmançılarından biri üçün siyasi şillədir: "Ölkədə idmançılar və ucuz piar hesabına siyasi dividendlər toplamaq mədəniyyəti əvvəlki sistemdə formalaşıb. Həm rəsmi şəxslər, həm də oliqarxlar ayrı-ayrı idmançılara maşın verərək və ya maddi yardım göstərərək, özlərini vətənpərvər xeyriyyəçi kimi göstərməyə çalışıblar. Ermənistandakı idman mühiti korlanıb, zehni əzablardan qurtulmaq üçün illər lazımdır. Çoxları Paşinyanın Aronyan üçün kompüter almamalı və ya məşqçi götürməməli olduğunu başa düşməkdə çətinlik çəkir. Bəli, məşqçilər səlahiyyətlilərin diqqət mərkəzində olmalıdır, amma bunları siyasi məqsədlər üçün istifadə etmək ən azı təhqirdir".
Yerli mətbuat həmçinin qeyd edib ki, 2019-cu ildə Ermənistan hökuməti Levon Aronyanın İddiaçılar Turniri və dünya çempionatına daha yaxşı hazırlaşa bilməsi üçün 133 200 ABŞ dolları məbləğində vəsait ayırıb.