"Torpaqlarımız və dinc həyat uğrunda canlarını fəda etmiş qəhrəmanlara rəhmət diləyirik".
Bunu "Report"a açıqlamasında Azərbaycanın qadın güləşçisi Mariya Stadnik 27 sentyabr - Anım Günü ilə bağlı danışarkən deyib.
2 qat dünya və 8 qat Avropa çempionu bildirib ki, 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlar hər zaman xatırlanacaq.
Hazırda Ukraynada olan 33 yaşlı güləşçi yeni ilədək orada qalacağını deyib. Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra bir müddət istirahət edən titullu idmançı şəxsi məşqçisi Orest Skobelskinin rəhbərliyi altında hazırlaşır: "Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında iştirak etməyəcəyəm. Olimpiadadan sonra istirahətə ehtiyacım var idi. Hələlik dincəlir, fərdi məşqlərlə kifayətlənirəm".
Tokio olimpiadasında bürünc medal qazanmış Stadnik 2024-cü ildə Fransanın paytaxtı Parisdə təşkil olunacaq Oyunlara da qatılmağı planlaşdırdığını vurğulayıb: "Təsnifat mərhələsini keçə bilsəm, iştirak etmək istərdim. Özümdə bu gücü hiss edirəm".
Karyerasını başa vuracağı ilə bağlı xəbərlərə də aydınlıq gətirən təcrübəli idmançı hələlik bu barədə düşünmədiyini qeyd edib: "Mən heç vaxt idmandan imtina etmək istədiyimi deməmişəm. Sadəcə, istirahət etdiyimi bildirmişəm".
Son vaxtlar tez-tez şəxsi məşqçisini dəyişməklə gündəmə gələn Stadnik bu məsələnin heç kimi aidiyyatı olmadığını bildirib.
"Başa düşmürəm, şəxsi məşqçimin kimliyinin nə fərqi var?" deyən Ukrayna əsilli güləşçi şəxsi məşqçi dəyişikliyinin son olimpiadadakı çıxışına heç bir təsir göstərmədiyini əlavə edib.
Xatırladaq ki, Mariya Stadnik Tokio olimpiadasından öncə həm də əri olan şəxsi məşqçisi Andrey Stadniklə əməkdaşlığa son qoyub. Ukraynalı mütəxəssisi Azərbaycan Güləş Federasiyasının baş katibi Orxan Məmmədov əvəzləyib. Hazırda isə güləşçi Skobelskinin rəhbərliyi altında məşq edir.