Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinə hazırlığı Bakıda davam etdirir.
Federasiyadan "Report"a verilən məlumata görə, lisenziya yarışı üçün nəzərdə tutulan son təlim-məşq toplanışında taktiki-texniki çalışmalara üstünlük verilir.
Olimpiya Güləş Mərkəzində təşkil olunan hazırlıq prosesi martın 17-də başa çatacaq. Milli üzvləri baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçilər Akif Əliyevlə Həsən Əliyevin rəhbərliyi altında gündə bir dəfə məşq edirlər.
Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turniri 18 - 21 martda olacaq. Yunan-Roma güləşi üzrə mübarizə yarışın son iki günündə (20-21 mart) baş tutacaq. Azərbaycan millisi 60, 67, 77, 87, 97 və 130 kq-da Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışacaq. Vəsiqələri hər çəki dərəcəsi üzrə finala yüksələnlər əldə edəcək.