Azərbaycanın şose velosipedi üzrə U-23 yığmasının üzvü Ayan Xankişiyeva İsveçrənin Eqle şəhərindəki Dünya Velosiped Mərkəzində (WCC - World Cycling Centre) ilin sonunadək təlim keçəcək.
Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bununla əlaqədar Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) ilə razılıq əldə olunub.
Martın 8-dən İsveçrədə olan idmançı hazırlıq proseslərində iştirak edəcək və WCC komandasının heyətində beynəlxalq yarışlara qatılmaqla, ustalıq səviyyəsini artıracaq.
Qeyd edək ki, UCI hər il planetin müxtəlif ölkələrindən məhdud sayda gənc və perspektivli idmançıları xüsusi seçim əsasında WCC-yə cəlb edir.