MOK-un Atletlər Komissiyası idmançıların problemlərini açıqlayıb

MOK-un Atletlər Komissiyası idmançıların problemlərini açıqlayıb Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) nəzdindəki Atletlər Komissiyasının Xorvatiyanın Dubrovnik şəhərində Avropa Atletlərinin VI Assambleyasında iştirakı ilə əlaqədar mətbuat konfransı təşkil olunub.
Fərdi
7 Oktyabr , 2021 14:44
MOK-un Atletlər Komissiyası idmançıların problemlərini açıqlayıb

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) nəzdindəki Atletlər Komissiyasının Xorvatiyanın Dubrovnik şəhərində Avropa Atletlərinin VI Assambleyasında iştirakı ilə əlaqədar mətbuat konfransı təşkil olunub.

"Report"un məlumatına görə, MOK-un inzibati binasındakı tədbirdə Atletlər Komissiyasının sədri, cüdoçu Rüstəm Orucov və Assambleyaya qatılan komissiyanın iki üzvü - taekvondoçu Fəridə Əzizova və atlet Nazim Babayev iştirak edib.

Rüstəm Orucov
Rüstəm Orucov

Orucov Atletlər Komissiyasının idmançılar üçün yaradıldığını bildirib: "Komissiya bütün problemləri və çatışmayan cəhətləri həll etmək üçündür. Keçmiş, indiki və gələcək idmançıların hansısa problemlə qarşılaşmaması üçün çalışacağıq. Çətinliklər olacağı təqdirdə, onu həll etməyə çalışacağıq. İdmançılar arasında müəyyən problemlər olur. Məsələn, cüdoda olimpiada vaxtı çəki salanda su içməməlisən, amma yarışda dopinq-testdən keçirsən. Bu, kiçik məsələ kimi görünsə də, idmançıya çətinlik yaradır və qlobal problemdir".

Orucov karyerasını davam etdirənlərlə yanaşı, keçmiş idmançıları da eşitmək istədiklərini vurğulayıb: "Onların da hansı maneələrlə qarşılaşdıqlarını bilmək istərdik. Başqa idman növlərindəki idmançılar da bizə müraciət edə bilərlər. Məsələləri həll etməyə çalışacağıq".

Babayev Assambleyanın onların idmandan kənarda ilk fəaliyyətləri olduğunu diqqətə çatdırıb: "Azərbaycanı orada təmsil etdiyimiz üçün çox qürurluyuq. Tədbirin əsas mövzusu oradakı seçkilər idi. Yay və qış idman növlərindən 14 namizəd var idi. Onlar arasında Avropa Atletlər Komissiyasına seçilmək üçün seçki oldu və biz də ölkəmizi təmsil etdik".

O, pandemiya ilə əlaqədar müəyyən problemlərlə üzləşdiyini söyləyib: "Komissiyanın yaranmasının əsas səbəbi idmançıların problemlərini aradan qaldırmaqdır. Əminəm ki, biz vasitəçi olaraq gənclərin idmana cəlb edilməsində də köməklik göstərəcəyik. 15-20 ilini idmana sərf edən və karyerasını bitirən idmançılarla da əlaqə saxlayacağıq. Bizim işimiz onlara köməklik göstərməkdir. Çünki sabiq idmançılar ölkə idmanına çox töhfə verə bilərlər".

Əzizova tədbirdə seçkilərdən başqa Tokio-2020 Yay Olimpiya Oyunları ilə bağlı müzakirələr aparıldığını söyləyib: "Olimpiada ilə əlaqədar görülən işlər barədə məlumatlar verildi. Biz orada Oyunlardakı bəzi problemləri qabartmaq istəyirdik. Atletlər və taekvondoçular yarış zamanı bəzi çətinliklərlə üzləşib. Sadəcə, Nazimin dediyi kimi, orada sırf seçkiyə həsr edilmiş Assambleya idi. Bu dəfə o problemləri qabartmaq olmadı. Bu idman növlərində idmançılar yarışdan əvvəl bir zona var ki, ora gedirlər. Döyüşdən yarım saat əvvəl orada dayanmalısan. İdmançının bədəni isinir, döyüşə hazır vəziyyətdə isə ora aparırlar və hərəkət etməməlisiniz. Bədən soyuyandan sonra isə birbaşa qarşılaşmaya çıxırsınız. Bu isə idmançı üçün çətin olur. Bütün idmançıların fikirlərinin yalnız öz sahələrinə yönəldilməsinə çalışacağıq. Azərbaycanın idmanının daha da yüksək səviyyədə olmasını istəyirik".

Son xəbərlər

Orphus sistemi