Azərbaycanın tanınmış idmançıları Assambleyaya qatılacaqlar

Azərbaycanın tanınmış idmançıları Assambleyaya qatılacaqlar Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Atletlər Komissiyasının bu ilin aprelində müəyyənləşən yeni tərkibdə ilk iclası olub
Fərdi
30 Sentyabr , 2021 10:36
Azərbaycanın tanınmış idmançıları Assambleyaya qatılacaqlar

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Atletlər Komissiyasının apreldə müəyyənləşdirilmiş yeni tərkibdə ilk iclası olub.

MOK-un mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə idmançılar ilə Beynəlxalq Olimpiya Komitəsi (IOC) arasında əlaqələndirici rol oynayan Atletlər Komissiyasının vəzifələri və planları haqda fikir mübadiləsi aparılıb.

Olimpiya hərəkatı ilə bağlı qəbul olunan qərarlarda idmançıların fikirlərinin də nəzərə alınması üçün Atletlər Komissiyasının fəallığının vacibliyi vurğulanıb. MOK-un Beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov bildirib ki, IOC, Avropa Olimpiya Komitəsi (EOC), eləcə də digər ölkələrin Milli Olimpiya komitələrinin Atletlər komissiyaları, ölkənin milli idman federasiyaları və Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə qarşılıqlı əlaqə əsasında müxtəlif layihələr gerçəkləşdirməklə, Atletlər Komissiyası idmançıların həyatlarında əhəmiyyətli rol oynaya bilər.

MOK-un marketinq idarəsinin müdiri Mehman Kərimov sözlərinə görə, Atletlər Komissiyası idman və qeyri-idman karyeralarında idmançıların inkişafına imkan yaradan, karyeralarını yüksək nailiyyətlərlə başa vurmuş olimpiyaçılara dəstək məqsədilə ictimai layihələr həyata keçirən əhəmiyyətli komissiya ola bilər.

Atletlər Komissiyasının iki üzvü - Fəridə Əzizova (taekvondo) və Nazim Babayev (atletika) Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək atletlərin 6-cı Assambleyasına qatılacaqlar. Bu barədə iclas iştirakçılarına MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev məlumat verib.

Komissiyanın sədri, cüdoçu Rüstəm Orucov, üzvləri isə qılıncoynadan Sabina Mikina, boksçu Kamran Şahsuvarlı, taekvondoçu Fəridə Əzizova, atlet Nazim Babayev, yunan-Roma güləşçisi Rəsul Çunayev və üzgüçü Fatimə Əlkərəmovadır.

İclasda, həmçinin Assambleyada Azərbaycan nümayəndə heyətinin qaldıracağı məsələlər də müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi