"İlk MDB Oyunlarında qazandığımız qələbələr münasibətilə hamınızı təbrik edirəm".
"Report"un məlumatına görə, bunu sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi Namiq Abdullayev Heydər Əliyev Beynəlxalq Aeroportundakı qarşılanma mərasimində jurnalistlərə açıqlamasında deyib.
50 yaşlı mütəxəssis ölkə pəhləvanlarının Rusiyanın Kazan şəhərində keçirilən Oyunlardan 16 medalla qayıtdıqlarını xatırladıb: "Bu medallardan 6-sı qızıl və bürünc, 4-ü gümüş əyarlı oldu. Əlbəttə, bu, Azərbaycan Güləş Federasiyası adına böyük uğurdur. Həmişə vurğulanırdı ki, gənclərimiz yetişməli, ərsəyə gəlməli və böyüklərdən ibarət komandalara uğurlu keçid etməlidirlər. İstər sərbəst, istər yunan-Roma, istərsə də qadın güləşi üzrə yığma komandalarımız builki Avropa çempionatlarında medallar qazanaraq, bayrağımızı yüksəyə qaldırıblar. Onlar son dünya çempionatında da öz sözlərini dedilər. MDB Oyunlarında həm U-20, həm də U-23 komandalarımız öz sözlərini qızıl medalları ilə deyərək, güclü olduqlarını sübuta yetirdilər. Onlar himnimizi 6 dəfə yüksəltdilər, himnimizi 16 dəfə səsləndirdilər".
Abdullayev Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatı üçün təlim-məşq toplanışlarına 23 - 25 yaşlı pəhləvanları cəlb edəcəklərini diqqətə çatdırıb: "Mundialdakı yığma komandalarımızın heyətinin 70-80 faizi gənclərdən ibarət olacaq".
Baş məşqçi Tokio-2020 Yay Olimpiya Oyunlarında 65 kq çəki dərəcəsində gümüş medal qazanmış sərbəst güləşçi Hacı Əliyevin gözündə yenidən problemin yarandığını, 97 kq çəkidə 3-cü yer uğrunda uduzan Şərif Şərifovun isə çiynindən zədələndiyini açıqlayıb. Bu səbəbdən, Abdullayev hər iki titullu pəhləvanın qarşıdakı dünya çempionatına qatıla bilməyəcəklərini söyləyib. Onun sözlərinə görə, hər iki çəkidə gənclər yer alacaqlar: "Qarşıda çoxlu yarışımız var. 2024-cü il Paris Yay Olimpiya Oyunlarına az müddət qalıb. İnanıram ki, qarşıdakı olimpiadada gənclərimiz öz sözlərini deyəcəklər və bayrağımızı yüksəldərək, himnimizi səsləndirəcəklər".
Olimpiya çempionu sonda Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə, Azərbaycan Güləş Federasiyasına gənclər və idmançılar üçün yüksək şərait yaratdıqlarına dərin təşəkkürünü də bildirib.