Narkomanlıq əleyhinə görüş keçirildi

Narkomanlıq əleyhinə görüş keçirildi Bu istiqamətdə koordinasiyalı fəaliyyətin qurulma məsələləri müzakirə edilib
Fərdi
23 Aprel , 2021 15:31
Narkomanlıq əleyhinə görüş keçirildi

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərlikləri arasında görüş keçirilib.

AMADA-nın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirə agentliyin direktoru Şəfəq Hüseynli, Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərli Fəqan Şahverdiyev və digər əməkdaşlar qatılıb.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli, 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”dan irəli gələn məsələlər müzakirə edilib.

F.Şahverdiyev bildirib ki, Dövlət Proqramının məqsədi respublikada narkotik vasitələr, psixotrop maddələr, onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, anti-narkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınmasıdır.

Bundan əlavə, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların, yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi də proqramda əksini tapıb. İndiyədək bununla bağlı 3 dövlət proqramının müvəffəqiyyətlə tamamlandığını deyən F.Şahverdiyev 2019 - 2024-cü illər üçün nəzərdə tutulan 4-cü proqramın da icrasının uğurla davam etdiyini vurğulayıb.

Ş.Hüseynli isə bildirib ki, dövlət proqramın icraçı orqanlarının siyahısına əlavə edildikdən sonra AMADA fəaliyyətində narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə, narkomanlığa qarşı mübarizəyə daha geniş yer verib, bununla bağlı agentliyin 2021-ci il üçün iş planı hazırlanıb. İş planında Narkotik vasitələrin və psixotrop maddələrin qəbulu ilə bağlı problemlər haqqında idmançıları maarifləndirmək məqsədilə silsilə təlimlərin təşkili, narkotiklərin mənfi təsirini əyani göstərən mobil və ya kompüter tətbiqlərinin, video-çarxların hazırlanması, Narkotik vasitələrin yayılması ilə mübarizə sahəsində müasir metodiki vasitələrdən istifadə etməklə təbliğat işinin təşkili, bu istiqamətdə AMADA-nın saytı, sosial şəbəkələrdəki hesabları və digər internet resurslarının imkanlarindan geniş istifadə edilməsi və s. məsələlər əksini tapıb.

İş planında həmçinin bu istiqamətdə mexanizmin təkmilləşdirilməsi üçün problemin idmançılar arasında yayılma miqyasını, potensialını, habelə narkotik maddələrin istifadəsinin doğura biləcəyi fəsadlar barədə idmançıların məlumatlılıq səviyyəsinin ölçülməsi məqsədilə sorğunun hazırlanması və respublika idman federasiyaları vasitəsilə idmançılar arasında keçirilməsi nəzərdə tutulur.

Görüşdə həmçinin Dövlət Komissiyasının 2021-ci ilə dair İş Planında nəzərdə tutulmuş məsələlərin icrası, gələcəkdə görüləcək işlər və bu istiqamətdə koordinasiyalı fəaliyyətin qurulma məsələləri müzakirə edilib.

Qeyd edək ki, AMADA Azərbaycan Respublikası Prezidentinin 25 dekabr tarixli sərəncamına əsasən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019 – 2024-cü illər üçün Dövlət Proqramı”nın icraçı orqanlarının siyahısına əlavə edilib.

Son xəbərlər

Orphus sistemi